Tarixin bəzi dönəmlərində bu və ya digər liderlər, siyasi fiqurlar tərəfindən imzalanan ayrı-ayrı sənədlər bəzi xalqların onilliklərlə və hətta yüzillərlə davam edən böyük faciələrinə yol açır.
Britaniya hökuməti tərəfindən 2 noyabr 1917-ci ildə qəbul edilən məşhur “Balfur Bəyannaməsi” də müasir dövrün ən böyük tarixi ədalətsizliklərindən birinin əsasını qoyub.
Böyük Britaniyanın həmin dönəmdəki Xarici işlər naziri Artur Balfurun imzaladığı və onun soyadını daşıyan bu məşhur sənəd 1917-ci ildə İngiltərə hökumətinin Fələstində – yəhudilərin az miqdarda məskunlaşdığı tarixi Osmanlı əyalətində “Yəhudi xalqı üçün milli ev” in qurulmasına dəstəyini elan edən bir bəyanat idi.
İngiltərənin Yəhudi İcmasının lideri, tanınmış maqnat Lord Rotşildin istəyi və şirnikləndirmələri ilə imzalanan sözügedən Bəyannamənin mətni 9 noyabr 1917-ci ildə mətbuatda dərc olunub ictimailəşəndə ərəblər ingilis hökuməti tərəfindən aldadıldıqlarını başa düşdülər. Bu sənəd Fələstindəki ərəblərin legitim milli hüquqlarının inkar olunmasının və sonrakı qanlı faciələrin əsasını qoydu. Bu gün Qəzzada yaşanan insanlıq dramı da ilk növbədə məhz bədnam “Balfur Bəyannamə”sindən qaynaqlanır.
P.S.Bizim də tariximizdə çalın-çarpaz izlər buraxan bu cür məkrli tarixi sənədlər olub. Söhbət ilk növbədə Kürəkçay (1805-ci il), Gülüstan (1813-cü il), Türkmənçay (1828-ci il) müqavilələrindən və Zəngəzurun sovet Rusiyası tərəfindən Azərbaycandan qoparılıb Ermənistana verilməsi (1920-ci il) haqda sənəddən gedir. Bu sənədlər həm torpaqlarımızın əlimizdən alınmasına, həm millətimizin iki yerə parçalanmasına, həm də zaman-zaman soyqırımlarına məruz qalmağımıza səbəb olub. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə nəticəsində biz bu ədalətsizliklərin bəzilərini aradan qaldıra bildik. Millətimizin birləşməsi, Quzey və Güneyin Bütöv Azərbaycana çevrilməsi də inşAllah zamanla gerçəkləşəcək. Həmçinin Zəngəzura da yenidən sahiblənə bilərik.
P.P.S.Ümumiyyətlə, 21-ci əsr ötən yüzilliklərdə (xüsusən də 19-20-ci əsrlərdə) böyük dövlətlər, müstəmləkəç imperiyalar tərəfindən əsası qoyulmuş tarixi ədalətsizliklərin aradan qaldırıldığı əsr kimi tarixə qızıl hərflərlə yazıla bilər.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
