ELAZ.İNFO xəbər verir ki, Moskva Şəhər Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 46 yaşlı Rusiya vətəndaşı İqor Kuljenkov barəsində hökm çıxarıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, o, Ukrayna xüsusi xidmət orqanları üçün Rusiya Müdafiə Nazirliyinin obyektləri barədə məlumat toplamaqda təqsirli bilinib.
İstintaq müəyyən edib ki, 1979-cu il təvəllüdlü Kuljenkov 2024-cü ilin sentyabrında Telegram mesenceri vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə yaradıb. O, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə əməkdaşlıq etməyə razılıq verib.
“Kuljenkov kuratorunun tapşırığı ilə Rusiya Müdafiə Nazirliyinin obyektlərinə dair məlumatları toplayaraq qarşı tərəfə ötürüb” – deyə FSB-nin məlumatında qeyd olunur.Məhkəmənin qərarı ilə İqor Kuljenkov Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək:
13 il müddətinə ciddi rejimli islah əmək düşərgəsində cəza çəkməyə; 200 min rubl məbləğində cərimə ödəməyə məhkum edilib.
FSB bir daha bəyan edib ki, Ukrayna xüsusi xidmət orqanları diversiya və terror aktları törətmək üçün potensial icraçıların axtarışını davam etdirir. Qurum xəbərdarlıq edib ki, düşmənə yardım etməyə razılıq verən hər bir şəxs müəyyən edilərək ən ağır şəkildə cəzalandırılacaq.
Xatırladaq ki, Kuljenkov 2025-ci ilin martında Tambov vilayətində saxlanılmışdı və barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılmışdı.
Ruslan MƏMMƏDOV