Merac – YÜKSƏYƏ DOĞRU

Besətdən, yəni Peyğəmbərlik verildikdən 10 il sonra, Peyğəmbər (s.ə.s.) üçün çətin olan bir vaxtda, ”hüzn ili” adlanan bir dövrdə Həzrəti Rəsul Ramazan ayının gecələrinin birində Allahın əmri ilə göylərə Merac etmişdir.

Bu il“Hüzn ili”ona görə adlanırdı ki, o dövrdə Məkkə xalqı içində Peyğəmbərimizə dayaq olan əmisi Əbu Talib və istəkli xanımı, onu çox sevən,ona İslamı yaymaqda həm maddi və həm də mənəvi dayaq olan Xədicəyi-Kubra vəfat etmişdi. Həm də o dövrdə Məkkə əhlinin Peyğəmbərə qarşı münasibətləri çox gərgin bir vəziyyətdə idi.
Belə bir vaxtda Allahın əmri ilə Cəbrail (ə.s.) Buraq adlı at (ata-bənzər,əcaib bir məxluq) ilə Peyğəmbərimizi öz yatağından götürüb, əvvəl Məscidil-Hərama, sonra Məscidil-Əqsaya, sonra da asimana aparır. Deməli, Məkkədən Fələstinə uçaraq, müqəddəs yer olan Məscidil-Əqsada (Beytul-müqəddəsdə) namaz qılır.
Bu haqda Quranda belə buyurulur:
Əl-İsra-1-Gecə vaxtı öz bəndəsini, elçisi Muhəmmədi, Məscidil-Həramdan uzaq məscidə qədər Beytül-Müqəddəsə (Fələstinə) qədər seyr etdirən Allah bütün eyiblərdən pak-pakizədir! Elə bir məsciddir ki, biz onun ətrafını mübarək etdik. Biz bunu öz əla-mət­lərimizi göstərmək üçün etdik. Həqiqətən, Allah eşidən və görəndir.
İsra-sözü-gecə yerimək, gecə yol getmək, Merac-sözü isə yüksəyə çıxış arası deməkdir. Bu hadisə haqqında surədə belə buyurulur:
-“Əl-Nəcm-1-18-Yuxarıdan aşağıya enən ulduzlara and olsun! Sizin müsahibiniz Muhəmməd nə haqq yoldan azmış, nə də xəta etmişdi. O, öz istədiyini danışmaz, danışdığı da yalnız Allah sözüdür. Ona Peyğəmbərliyi qüvvəsi çox olan Cəbrail təlim etdi. Peyğəmbərdən başqa heç kəs Cəbrailin əsil üzünü görməmişdi. O halda ki, o, dünyada uca olan yerdə, göy tərəfində idi. Sonra o, Peyğəmbərə yaxınlaşdı, onların arasındakı məsafə iki yay qədər, ya ondan da az oldu. Sonra Allah öz bəndəsinə vəhyi buyurdu. Onun qəlbi öz gözü ilə gördüyünü yalan saymadı. Məgər gözü ilə gördüyünə şübhə edib və onunla mübahisə edərək, ona inanmırsınız?

Şübhəsiz ki, Muhəmməd Cəbraili öz surətində başqa bir yerdə də gördü. Ərşin sağ tərəfində yerləşən Sidr ağacının yanında. Saleh kəslərin yeri olan behişt o ağacın yanındadır. O zaman mələklər Sidr ağacını bürümüşdülər. Bu haqda Həzrəti Peyğəmbər belə buyurur:

-O ağacın hər yarpağında Allahı təsdih edən bir mələk gördüm. Peyğəmbərin gözü nə sağa, nə də sola yayındı və nə də uzağa getdi, o hər bir şeyi aydın görürdü. Göylərdə yerləşən məqamlardan, mələklərdən və Peyğəmbərlərdən ibarət olan Allahın qüdrət işarələrini gördü. ”Peyğəmbərimiz Cəbrail ilə birlikdə “Əla aləminə“səyahət edir, asimana, yeddi qat göylərə yüksəlirlər:
-Onlar göyün birinci qatında Adəm(ə.s.) və onun övladları ilə görüşürlər.
Sonra ikinci qat səmada İsa (ə.s.),Məryəm ana,Yəhya (ə.s.), Zəkəriyyə (ə.s.) ilə görüşürlər.
Üçüncü qatda Yusif (ə.s.) və Yəqub (ə.s.) ilə;
Dördüncü qatda İdris (ə.s.) ilə;
Beşinci qatda Harun ibn İmran (ə.s.) ilə;
Altıncı qatda Musa (ə.s.) ilə görüşürlər.
Yeddinci qatda İbrahim (ə.s.) ilə görüşürlər.İbrahim (ə.s.) Peyğəmbərimizə belə buyurur:“Ümmətinə məndən salam söylə və onlara əmr et! Xəbər ver ki,Cənnətə fidan tikməyi çoxaltsınlar! Çünki Cənnət torpaqları gözəl, suyu dadlı, özü də geniş və gözəldir.”
Peyğəmbər (s.ə.s.) soruşur ki, Cənnətdə tikiləcək fidan nədir? İbrahim(ə.s.) cavab verir ki:

-Cənnətdə tikiləcək fidan ”Sübhə-nallah vəlhəmdulillaəh və lə iləhə illəllahu vallahu əkbər”-zikridir.
Mənası:

-”Allah hər nöqsandan pakdır,bütün təriflər ona məx­susdur, Allahdan başqa heç bir Allah yoxdur! Allah böyükdür! Bütün gücqüvvət yalnız ona məxsusdur.”
Peyğəmbər (s.ə.s.) səmanın hər qatındakı Peyğəmbərlərlə görüşərkən, onların əhvalatlarını dinləmiş, keçmiş-gələcək haqqında onlarla söhbətlər etmiş və birlikdə Allaha həmd-səna edərək namaz qılmışlar. Onların hamısının Merac məsələsi haqqında xəbərləri var idi və hamı bunu gözləyirdi.

Peyğəmbər(s.ə.s.) hər qatdakı bütün varlıqlar və mələklərlə də görüşərək,onlarla salamlaşmış və bu qeyri-adi gözəlliklərə heyran qalmışdı. Sonra Cəbrail Peyğəmbəri yeddi qat göyün üzərində olan və Allahdan başqa heç kəsin bilmədiyi məqamlara yüksəltdi. Onlar-Sidratil-Müntəhəya qədər yüksəldilər.

Ardı var…

Mənzər AĞAYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights