Memar Sinan- məharətli sənətkar

Türkə şərəf verən, cahana isə yüzlərlə mədəniyyət əsəri bağışlayan, Osmanlı dövrü alimi və sənətkarı memar Sinan 1489-cu ildə dünyaya gəlib. O, öz məhsuldarlığı və sənətkarlıq bacarığı ilə İslamın mədəniyyət tarixinə adını əbədi yazmış sənət adamlarından biridir. Əsil adı Sinanəddin Yusif olan, amma memar Sinan kimi tanınan bu məşhur sənətkar xristian ailəsində doğulub, sonralar İslamı mənimsəyib və Osmanlı ordusunda 17 il hərbi xidmət edib. Bu müddət boyu durmadan memarlıq sənətinin incəliklərini öyrənib. Hərbi səfərlərin birində ordunun keçməsi üçün qısa müddətdə möhkəm körpü düzəldən Sinan Sultan Süleyman Qanuninin diqqətini cəlb edərək tezliklə sarayın baş memarı vəzifəsinə təyin olunur və düz 50 il bu vəzifədə qalır.

100 ilə yaxın ömür sürmüş memar Sinan 375 tikinti layihəsinin müəllifidir. Onun əsərlərinin siyahısında 92 cami, 52 kiçik məscid, 57 mədrəsə, 22 türbə, 3 xəstəxana, 8 körpü, 20 karvansara və 48 hamamın adı var. Bunların ikisi – İstanbuldakı Süleymaniyyə və Ədirnədəki Səlimiyyə camiləri memar Sinan yaradıcılığının zirvəsini təşkil edir. Bu məscidlərin tikintisi zamanı memar Sinan elə sənətkarlıq məharəti nümayiş etdirmişdir ki, o dövrün imkanları baxımından bunu ancaq möcüzə adlandırmaq olar.

Əli İBRAHİMOV