ELAZ.İNFO xəbər verir ki, Trampın 1-ci prezidentliyi zamanı ABŞ-ın dövlət katibi olmuş Mayk Pompeo dünən İsraildə keçirilən təhlükəsizlik brifinqində deyib:
– “Gənclərin yeni nəsli 7 oktyabrı bizim kimi xatırlamayacaq. Bu İsrail üçün də, Amerika üçün də, ümumiyyətlə, bütün dünya üçün belə olacaq. Və biz iki məsələni təmin etməliyik:
1) Elə etməliyik ki, bu hadisə, sadəcə, unudulmasın;
2) Biz çalışmalıyıq ki, tarix düzgün danışılsın, bunun haqqında tarix dərslikləri yazılanda onlar Qəzza qurbanları haqda yazmasınlar.
Daha da dəqiqləşdirim: Qəzzada, əlbəttə, qurbanlar olub – bu doğrudur. İndiyədək olan müharibələrin hamısında dinc sakinlər arasında qurbanlar olub. Lakin qurbanlar İsrail milli dövlətinin sakinləri olub. Təcavüzkar isə HƏMAS vasitəsilə fəaliyyət göstərən İran rejimi olub. Və biz əmin olmalıyıq ki, tarix dərslikləri məhz bu fikri əks etdirirlər. Bunun üçün isə hər kəs hər zaman öz uşaqları və nəvələrinə bunu danışmalıdır: ciddi, düşünülmüş və əxlaq prinsiplərinə əsaslanmaqla”.
Xatırladıram ki, 2023-cü ilin oktyabrından İsrail Qəzzada ~70 min adam, o cümlədən 30 mindən çox uşaq öldürüb, ~170 min adamı yaralayıb və ya şikəst edib, bütün Qəzzanı xarabazarlığa çevirib, BMT-nin xüsusi komissiyası bu hadisəni soyqırımı adlandırıb, BCM İsrailin baş naziri Netanyahunun və müdafiə naziri Qalandın hərbi cinayətkarlar kimi həbsinə order verib.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi