Masallının Anadolu yadigarı

ELAZ.İNFO xəbər verir ki, Masallı rayonunun Hacıtəpə kəndi sadəcə bir yaşayış məskəni deyil, Səfəvi-Osmanlı dövründən bu yana uzanan böyük bir köç tarixinin və ortaq türk mədəniyyətinin “quru limanı”dır. Bu bağlılığı təsdiq edən konkret faktlar aşağıdakılardır: Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Hacettepe ərazisi ilə Masallıdakı Hacıtəpə eyni kökdən gəlir.Arxiv sənədlərində bu ad “Hacəttəpə” HACƏT yəni (Arzuların, diləklərin qəbul olunduğu yüksəklik) kimi qeyd olunur. Qədim türk inanc sistemində (Təngriçilik və İslamın sintezi) hündür təpələr müqəddəs sayılırdı. Həm Anadolu türkləri, həm də Cənubi Azərbaycan ərazisindən keçərək buraya gələn tayfalar bu adı müqəddəs saydıqları yüksəkliklərə veriblər.Hacıtəpə və ətraf kəndlərin qədim qəbiristanlıqlarında rast gəlinən qoç fiqurlu başdaşları Türkiyənin Ərzurum, Van və İğdır bölgələrindəki qədim türk məzarlıqları ilə identikdir (eyni).Bu heykəllər Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin (hansı ki, həm Anadolu, həm də Azərbaycan torpaqlarını vahid siyasi məkanda birləşdirirdi) simvollarındandır. Hacıtəpədə bu izlərin olması kəndin əhalisinin Anadoludan Şərqə doğru hərəkət edən oğuz-türk boyları ilə birbaşa genetik bağını sübut edir.Qızılbaş Köçləri (XVI əsr) Səfəvi dövlətinin qurulması zamanı Anadolunun müxtəlif yerlərindən (xüsusilə Təkəli, Ustaclı və Əfşar bölgələrindən) minlərlə ailə Şah İsmayılın dəvəti ilə Azərbaycana gəlmişdir. Şahsevən tayfa ittifaqının bir qolu məhz Masallı və Muğan bölgəsində məskunlaşıb. Hacıtəpə kəndi həmin dövrdə strateji keçid nöqtəsi olduğu üçün Anadolu kökənli tayfaların oturaq həyata keçdiyi ilk məntəqələrdən biri olub. XVII əsrə aid siyahıyaalınma sənədlərində bu bölgədəki ailələrin soy kökünün “Rumlular” (Anadolu türkləri) ilə əlaqəli olduğuna dair qeydlər mövcuddur. Hacıtəpənin yerləşdiyi yüksəklik, Anadoludakı qədim türk qalaları (hisar) kimi seçilib: Həm düzənliyə nəzarət etmək, həm də dağlara çəkilmək üçün ideal mövqe. Bu, qədim türklərin hərbi-strateji məskunlaşma modelidir.

Göründüyü kimi, Hacıtəpə sadəcə ad bənzərliyi deyil; o, Anadoludan Xəzər sahillərinə qədər uzanan böyük bir tarixin canlı sübutudur. Bu kəndin hər qarışında ortaq türk keçmişinin izləri var.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights