Masallı rayonunda sosial cəhətdən həssas təbəqədən olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və onlara lazımi sosial dəstəyin göstərilməsi istiqamətində növbəti addım atılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tənha yaşayan sakinin müraciətinə yerində baxış keçirib.
ELAZ.İNFO xəbər verir ki, rayon rəhbəri Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın məsul şəxsi Nahid Həsənov, həmçinin idarə-müəssisə rəhbərləri, bələdiyyə sədri və ictimaiyyət nümayəndələri ilə birlikdə Öncəqala ərazisinin Hüseynhacılı kəndində tənha yaşayan Cahangirova Markizə Qulam qızını yaşadığı ünvanda ziyarət ediblər.
Ziyarətin əsas məqsədi rayon rəhbərliyi tərəfindən əvvəllər verilmiş tapşırıqların icra vəziyyətini yoxlamaq olub. Belə ki, aidiyyəti qurumlar tərəfindən vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səviyyəsi yerindəcə qiymətləndirilib.
Baxış zamanı tənha yaşayan vətəndaşın sosial rifahının təmin olunması üçün görülən işlər barədə məlumat verilib Rayon rəhbərliyi tərəfindən verilən bəyanatda bildirilib ki, vətəndaş müraciətlərinə, xüsusilə də tənha və həssas kateqoriyadan olan şəxslərin problemlərinə qarşı həssas yanaşma bundan sonra da davam etdiriləcək və onların sosial rifahı daim diqqətdə saxlanılacaqdır.
Göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edən kənd sakini Markizə Cahangirova, ona göstərilən bu həssas münasibəti yüksək qiymətləndirib. O, tənha və köməksiz insanlara göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Ruslan MƏMMƏDOV
