Pitsanın vətəni İtaliya hesab olunsa da, Macarıstanın paytaxtı Budapeştdə bir restoran müştərilərini 2000 il əvvələ — hələ Avropada pomidor və mozzarellanın tanınmadığı dövrlərə səyahətə aparır.
ELAZ.İNFO xəbər verir ki, Budapeştin mərkəzində yerləşən “Neverland Pizzeria” qədim Roma imperiyası dövrünün inqrediyentlərindən istifadə edərək xüsusi pitsa növü təqdim edib. Bu pitsa müasir dövrdə alışdığımız dadlardan tamamilə fərqlənir. Məlumdur ki, müasir pitsanın ayrılmaz hissəsi olan pomidor Avropaya Amerikadan əsrlər sonra gətirilib, mozzarella pendiri isə yalnız 1700-cü illərdə Neapolda məşhurlaşıb. “Neverland”ın təsisçisi Cozep Zara və baş aşpaz Laslo Bardoşi isə tarixin dərinliklərinə enərək yalnız antik dövrün məhsullarından istifadə ediblər.
Pitsanın yaradılmasında 2023-cü ildə Pompey arxeoloji qazıntıları zamanı tapılan bir freska (divar rəsmi) əsas rol oynayıb. Həmin qədim rəsmdə üzərinə nar dənələri, xurma, müxtəlif ədviyyatlar və pesto bənzər souslar düzülmüş fokaçça tipli çörək təsvir edilmişdi. Qədim romalıların “thermopolia” adlanan qəlyanaltı mərkəzlərində satılan bu çörəklər müasir pitsanın əcdadı hesab olunur. Budapeştdəki restoranda təqdim edilən bu “zaman maşını” dadı müştərilər tərəfindən böyük maraqla qarşılanıb.
Ruslan MƏMMƏDOV