Məxfilik prinsipini Qorumaq Əməliyyatçının Əsas Xüsusiyyətidir

ELAZ.İNFO, BAKI, 20.05.2025.

Əməliyyatçı peşəsinin mahiyyəti yalnız nəzəri biliklərlə məhdudlaşmır bu sahədə çalışan şəxsin kompleks qabiliyyətlərə və çoxşaxəli hazırlığa malik olması zəruridir. Peşəkar əməliyyatçı hər şeydən öncə yüksək savad sahibi olmalı, müxtəlif sahələr üzrə biliklərə yiyələnməlidir. Onun fikirlərini aydın, məntiqli və inandırıcı formada çatdırmaq bacarığı – yəni yüksək natiqlik qabiliyyəti – ictimai çıxışlarda, sorğu-sual zamanı və digər ünsiyyət proseslərində əsas silahlarından biri olmalıdır.

Bundan əlavə, əməliyyatçı fərdi yanaşma qabiliyyətinə malik olmalı, qarşısındakı şəxsin psixoloji vəziyyətini düzgün analiz edərək, ona uyğun davranış nümayiş etdirməlidir. O, həmçinin psixoloq kimi insanları dəyərləndirməyi bacarmalı, onların niyyətlərini, daxili aləmini, motivasiyalarını düzgün oxuya bilməlidir. Müxtəlif sosial təbəqələrə aid şəxslərlə, o cümlədən riskli qruplarla ünsiyyətdə bu bacarıq həlledici rol oynayır. Hər sualı savadlı, məntiqli və vəziyyətin tələblərinə uyğun şəkildə cavablandırmaq bacarığı, hadisəyə həm hüquqi, həm taktiki aspektdən yanaşmaq peşəkarlığın göstəricisidir.

Müasir dövrdə texnologiya əsas informasiya və nəzarət vasitəsinə çevrildiyindən əməliyyatçının yüksək texnoloji avadanlıqlardan istifadə bacarığı mütləq şərtdir. Bu sahədə çalışan şəxs internet resurslarından düzgün və effektiv istifadə etməyi bacarmalı, açıq və qapalı mənbələrdən informasiya toplamaq, onu analiz edib praktikaya tətbiq etmək qabiliyyətinə malik olmalıdır.

Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunların praktiki tətbiqi, onların hüquqi çərçivədə reallaşdırılması da əməliyyatçının əsas vəzifələrindən biridir. Bu qanunların hüdudlarını dəqiq bilmədən istənilən əməliyyat fəaliyyəti qanun pozuntusuna çevrilə bilər ki, bu da həm hüquqi, həm də reputasiya baxımından ağır nəticələrə səbəb ola bilər. Eyni zamanda istintaq taktikası və metodikasının həm nəzəri əsaslarını, həm də onun konkret cinayət işlərində tətbiq formasını dərindən bilmək əməliyyatçının effektivliyini bir neçə dəfə artırır.

Məxfi fəaliyyət sahəsində çalışan şəxsin ən vacib xüsusiyyətlərindən biri də məxfilik prinsipinə ciddi əməl etməsidir. O, topladığı məlumatları qorumağı, mənbələrin təhlükəsizliyini təmin etməyi, eyni zamanda dövlətin maraqlarına xidmət edən hər bir detalı ifşa etmədən yönləndirməyi bacarmalıdır. Bu çərçivədə agentura şəbəkəsi ilə düzgün və effektiv işləmək xüsusi bacarıq tələb edir. Agentlərlə münasibətdə etibar, konspirasiya, motivasiya və nəzarət prinsipləri diqqətlə qorunmalıdır.

Nəticə etibarilə, peşəkar əməliyyatçı hüquqi savad, texnoloji bacarıq, insan psixologiyasını anlama, taktiki düşüncə, fərdi yanaşma və məxfilik mədəniyyəti kimi keyfiyyətlərin bir araya gəldiyi kompleks bir şəxsiyyət olmalıdır. Bu tələblərə cavab verən əməliyyatçılar hüquq-mühafizə orqanlarının effektivliyini təmin edən əsas dayaqlardan sayılır.

Əli İBRAHİMOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights