ELAZ.İNFO xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi həlak olmuş hərbçilərin ailələrinə birdəfəlik maliyyə yardımının təyin edilməsi və ödənilməsi qaydasını yenidən nəzərdən keçirib. Dəyişikliklərin məqsədi həlak olmuş müdafiəçilərin ailələrini yalnız təcili dəstək ilə deyil, həm də uzun illər ərzində sabit maliyyələşmə ilə təmin etməkdir.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, yeni qaydalar 2025-ci il sentyabrın 1-dən qüvvəyə minib və həmin tarixdən sonra ölümü rəsmi olaraq təsdiqlənmiş hərbi qulluqçulara şamil olunur. Daha əvvəl yaxınlarını itirmiş ailələr üçün isə köhnə ödəniş proseduru qüvvədə qalır.
Yeni mexanizmə əsasən, birdəfəlik pul yardımının ümumi məbləği əvvəlki kimi 15 milyon qrivna (360 min dollardan artıq) təşkil edir. Lakin artıq vəsait iki mərhələdə ödəniləcək.
Məbləğin 1/5-i (3 milyon qrivna) sənədlər rəsmiləşdirildikdən dərhal sonra ailəyə verilir.
Qalan 12 milyon qrivna isə 80 ay ərzində (təxminən 6,5 il) bərabər hissələrlə ödəniləcək. Bu da hər ay təxminən 150 min qrivna deməkdir.
Bu yanaşma ailələrin ilkin ehtiyaclarını ödəməklə yanaşı, onlara uzunmüddətli maliyyə sabitliyi də təmin etməyə imkan verir.
Nazirlik vurğulayıb ki, dəyişikliklər genişmiqyaslı müharibə şəraitində artan müdafiə xərclərini, həmçinin yardım sisteminin şəffaf və proqnozlaşdırıla bilən olmasına ehtiyacı nəzərə alır. Yeni qaydalar Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün bölmələrinə şamil ediləcək.
Ukrayna Nazirlər Kabinetinin 2022-ci il 28 fevral tarixli, №168 Qərarına əsasən, vətənin müdafiəsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə 15 milyon qrivna birdəfəlik maliyyə yardımı ayrılır.
Rəsul MİRHƏŞİMLİ