Mənim həyatım dərsdir – öyrədən, öyrənən və öyrədənləri yetişdirən dərs

Bu gün mənim 40 yaşım tamam olur. Düşünəndə ki, bu illərin 22-si birbaşa təhsil ilə bağlı olub, qürur duyuram. Mənim həyatım təhsildir – müəllim kimi sinifdə, universitetdə, kitab müəllifi kimi məktəbdə, idarəçi kimi universitetdə. Mənim bacardığım, sevdiyim və nəfəs aldığım iş yalnız budur – insan yetişdirmək.

Bu illərdə bakalavr, iki dəfə magistr, iki dəfə doktorantura yolu keçdim. Orta məktəblər üçün tarix dərsliyi yazdım, məktəbdə də, universitetdə də dərs dedim, ADPU-da Mərkəzə rəhbərlik etdim. Təhsilin hər pilləsində olmaq mənim üçün şərəf oldu.

Mən 3 gözəl qızın atasıyam. Onların xoşbəxtliyi mənim həyatımın ən böyük amalına çevrilib. Mən dostam – sahib olduqlarıma sadiq dost. Mən müəlliməm – həyatını şagirdlərinə, tələbələrinə, millətinə xidmətə həsr edən müəllim.

Uşaqlıqda 40 yaşın qocalıq olduğunu düşünürdüm. Amma bu gün özümü 20 yaşdakı kimi gümrah hiss edirəm, sadəcə daha dolğun, daha məsuliyyətli. Biz çətin illərdə böyüdük, uşaqlığımız ehtiyac içində keçdi. İndi uşaqlar hər şeyə malikdirlər, amma onlar da o imkanlardan düzgün istifadə etməyi bacarmalıdırlar.

40 yaşımda bir daha anlayıram: insanı dəyərli edən və yaşadan onun vicdanla gördüyü işidir. Mənim payıma təhsil düşdü. Mən bununla fəxr edirəm. Mənim həyatım dərsdir – öyrədən, öyrənən və öyrədənləri yetişdirən dərs.

Kamran ƏSƏDOV

Təhsil üzrə ekspert

Bizimlə oxuyun
Verified by MonsterInsights