ELAZ.İNFO xəbər verir ki, tarixdə ən uzunmüddətli (63 il) ABŞ sanksiyasına məruz qalan ölkə Kubadır. ABŞ nəinki özü Kuba ilə ticarət etmir, hər hansı ölkənin məhsulunda azı 10% ABŞ-a aid komponent varsa, həmin məhsulun da Kubaya satılmasını qadağan edir. Həmçinin ABŞ-da filialı, törəmə müəssisəsi olan və ya səhmlərində ABŞ-ın payı olan şirkət Kuba ilə heç bir biznes apara bilməz.
90-cı illərdə Kuba İsveçin Ericsson şirkəti ilə internetin çəkilməsi üzrə müqavilə bağladı. ABŞ dərhal Ericsson-a xəbərdar elədi ki, bu işə başlasa, ona qarşı sanksiya tətbiq edəcək. Ericsson Kuba ilə müqaviləni ləğv etdi. İnternetin çəkilməsinə imkan verməyən Qərbin mətbuatı və analitik mərkəzləri uzun müddət Kuba hökmətini tənqid etdiər ki, Kastro rejimi ölkədə interneti qadağan edir, öz vətəndaşlarının müstəqil məlumat mənbələrinə çıxışına imkan vermir.
Uqo Çaves Venesuelada hakimiyyətə gələndən (1999) sonra Kuba üçün dənizin dibi ilə fiber-optik kabel çəkdi. Hazırda Kubanın hər yerində simli və simsiz internet var.
Bəs indi ABŞ nə edir?
Kubanın energetika sistemini Fransa, İtaliya və s. ölkələrin enerji şirkətləri qurublar. ABŞ şirkətləri onların hamısının müəyyən səhmlərini alırlar. Bundan sonra isə Kuba energetika qurğuları üçün həmin şirkətlərdən ehtiyat hissələrini ala, qurğularını yeniləyə bilmir, problem yarananda müvafiq məsləhətçi mütəxəssisləri cəlb edə bilmir. Bu səbəbdən Kubada tez-tez energetik problemlər yaranır, elektrik verilişi kəsilir. Bunu gözləyən Qərb mətbuatı və analitik mərkəzləri yenə Kuba hökumətini tənqid edirlər ki, heç nəyə qadir deyil, öz vətəndaşlarına normal elektrik enerjisi verə bilmir.
-“Mərdi qova-qova namərd edirlər” -burda deyiblər.
63 illik təzyiqlərə baxmayaraq, ABŞ Kuba xalqının iradəsini qıra bilmir. Əslində, İsrail Qəzzanı blokadada və aclıqda saxlamağı ABŞ-ın Kuba təcrübəsindən öyrənib. ABŞ Kubaya qarşı bu kini hələ də saxlayır.
Şimali Koreya, İran və Venesuelanın da başına ABŞ eyni oyunu gətirir. İnsafla danışsaq, istənilən Avropa dövləti İran kimi 45 il ABŞ sanksiyaları altında qalsaydı, 100 il geri düşərdi. İran isə regionun ən güclü dövlətlərindən birinə çevrilib. ABŞ və İsraili qorxudan da budur.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
