“Mən türkləri Qəzzada görmək istəmirəm”…

Netanyahunun və onun komanda üzvlərinin Ərdoğana qarşı nifrəti artıq türklərə, türklüyə qarşı nifrətə çevrilir…

Bu yaxınlarda Misirdə keçirilən Sülh sammitində Trampın təklif etdiyi sülh sazişini imzalayan dövlətlərin arasında Türkiyənin də yer almasına baxmayaraq, İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin Qəzza üzrə sülh planının icrasında yer almasını istəmir.

Bu məsələyə münasibət bildirən Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, İsrail tərəfi Türkiyə hərbçilərinin Qəzzadakı beynəlxalq sabitləşdirmə, sülhməramlı qüvvələrinin tərkibinə daxil edilməməsinə çalışır.

“Netanyahu Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə sabitləşdirici qüvvələrin yaradılmasına qarşı deyil. O, bu ölkələrin HƏMAS-ın tərksilah olunması və tunellərin dağıdılmasını təmin etmələrini istəyir. Netanyahunun yeganə problemi Türkiyə və türk əsgərlərinin Qəzzada olması ilə bağlıdır”, – qəzet qeyd edib.

Bir sözlə, Netanyahu türk əsgərini Qəzzada görmək istəmir.

Netanyahunun komanda üzvlərindən biri olan İsrailin yəhudi məskənləri işləri üzrə naziri, xanım Orit Struk da Türkiyənin Qəzzada atəşkəs, əsir mübadiləsi və bərpa işləri ilə bağlı sazişdə iştirakının əleyhinə çıxış edib.

Orit Struk rəsmi Ankaranın bu prosesdə iştirakına münasibətini daha sərt şəkildə ifadə edərək deyib:

“Mən türkləri Qəzzada görmək istəmirəm – nə traktorda, nə cipdə, nə də hər hansı bir texnikada”.

P.S. Bu cür açıqlamalardan, bəyanatlardan açıq-aşkar irqçilik qoxusu gəlir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights