1919-cu ildə, Novruz bayramı ərəfəsində bir qrup şagird ianə toplamaq üçün dövlətli şəxslərin evlərini, idarələrini gəzirdi. Onlardan Rza adlı birisi təklif etdi ki, Hacı Zeynalabdinin də evinə getsinlər. Belə də etdilər. Lakin qapıda dayanan gözətçi onları içəri buraxmadı. Onda Rza gözətçiyə dedi:
-Hacıya çatdırın ki, içərişəhərli Hacı Əliağanın nəvəsi gəlib.
Bir azdan uşaqları Hacının iş otağına ötürdülər. Kresloda əyləşmiş Hacı üzünü Rzaya tutub soruşdu:
-Sən mənə xəbər verilən kişinin nəvəsisən?
-Bəli, Hacı ağa, – deyə Rza hörmətlə cavab verdi.
Tağıyev ianə qutusunu göstərib xəbər aldı:
-Bu qutuya başqa adamlar da pul salıbmı?
Uşaqlar dedilər ki, bəli, qutuda pul var. Onda Hacı dedi:
-Bu qutunu aparın məktəbə. Mənə başqa bir boş qutu gətirin.
Bir azdan uşaqlar boş qutu ilə geri döndülər. Hacı qutuya bir pul qəbzi saldı. Məktəbdə qutunu açanda məlum oldu ki, Hacı yetim və kasıb uşaqların xeyrinə 5 000 manat ianə verib. O zaman bir manata iki qoyun almaq olardı.