Azərbaycan futbolunun gələcək ulduzlarını üzə çıxarmaq məqsədi daşıyan, AFFA və Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəbli Kuboku” turnirində mühüm mərhələ geridə qalıb. Turnirin bölgələr üzrə final qarşılaşmaları yüksək rəqabət və gənc idmançıların böyük coşqusu ilə başa çatıb.
ELAZ.İNFO xəbər verir ki, futbolun kütləviliyini təmin etmək və məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan turnir Azərbaycanın bir neçə strateji regionunu əhatə edib. Gərgin idman mübarizəsinə səhnə olan final qarşılaşmaları aşağıdakı rayonlarda təşkil olunub:
Şirvan-Salyan bölgəsi: Salyan, Neftçala, Şirvan və Hacıqabul. Dağlıq Şirvan: Qobustan və Şamaxı. Cənub və Qarabağ istiqaməti: Biləsuvar və Cəbrayıl.

Bütün yaş qrupları üzrə öz bacarıqlarını nümayiş etdirən və rəqiblərini geridə qoyan komandalar turnirin növbəti – regional final mərhələsinə vəsiqə qazanıblar. Mütəxəssislər qeyd edirlər ki, bu cür turnirlər təkcə qalibləri müəyyən etmir, həm də AFFA-nın seleksiyaçı məşqçiləri üçün istedadlı uşaqları aşkar etmək üçün böyük platforma rolunu oynayır. AFFA və Dövlət Agentliyinin bu birgə layihəsi təhsil müəssisələrində futbolun populyarlaşmasına, uşaqların asudə vaxtının səmərəli təşkilinə və regionlarda idman infrastrukturunun canlanmasına birbaşa xidmət edir. Finala vəsiqə qazanan komandalar indi bölgə şərəfini qorumaq üçün daha çətin sınaqlara hazırlaşırlar.
Ruslan MƏMMƏDOV