Azərbaycan Respublikasında məktəbəqədər təhsil bu sistemin ilk pilləsidir. Məktəbəqədər təhsil- məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına hərtərəfli xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilmiş önəmli, əsas bir prosesdir.
1-ci siniflərə atılan təməlin məktəbəqədər təhsilin üzərində qurulduğunu bildirən respublikanın əməkdar müəllimi Esmira Rəhimova ELAZ.İNFO-ya deyib ki, “Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir”.
O vurğulayıb ki, “məktəbəqədər təhsil vasitəsilə uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Eyni zamanda, onlarda məktəbəqədər təhsil vasitəsilə ətraf aləmə maraq yaranır. Uşaqlarda şəxsi sağlamlığın qorunmasına, həssas və şüurlu münasibətə, zəruri həyati bacarıqlara yiyələnməsinə və şəxsiyyətinin formalaşdırılmasına qarşı əsas qoyulur. Bu zaman uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi də formalaşır. Məktəbəqədər təhsil uşağın ömür boyu öyrənməsi üçün yaxşı zəmin yaradır”.
Esmira Rəhimova qeyd edib ki, “məktəbəqədər qruplarda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur. Bu yaş dövründə təlim uşağın sosial-emosional, psixoloji dayanıqlılığı, eləcə də intellektual bacarıqlarına müsbət təsir edir. Məktəbəqədər təhsildə məqsəd uşağın əsas təhsilə mümkün qədər rahat keçidini təmin etməkdir. Məktəbəqədər təhsilin iş metodları uşağın oynayaraq, hərəkət edərək, bədii yaradıcılıqla, eksperimentlər apararaq, araşdırma və sorğu-sual etməklə, eləcə də digər uşaqlar və böyüklərlə qarşılıqlı əlaqədə olmaqla vahid öyrənmə və hərəkət tərzini nəzərə alır. Məktəbəqədər təhsildə oyun üçün çox yer var və bacarıqlar çox yönlü oyunlarda öyrənilir”.
E. Rəhimova onu da söyləyib ki, “uşaqların gələcəkdə məktəb akademik göstəricilərinə və əmək bazarında uğur qazanmasına zəmin yaradır. Hərtərəfli inkişaf etmiş gələcək vətəndaşın formalaşmasından ötrü müvafiq şəraitin təşkili məhz məktəbəqədər təhsilin hədəflərindən biridir”.
Yeri gəlmişkən bildirək ki, 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir.
İlahə BAYINDIR