ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Xalq artisti Larisa Dolinanın aylardır davam edən mənzil dramı nəhayət yekunlaşıb. Rusiya Ali Məhkəməsinin qərarından sonra müğənni Moskvanın mərkəzindəki elit mənzilini yeni sahibi Polina Luryeyə təhvil verərək kirayə mənzilə köçüb.
Hadisələrin xronologiyası göstərir ki, fırıldaqçıların toruna düşərək mənzilini satan Dolina, uzun müddət evi boşaltmaqdan imtina etsə də, qanun qarşısında geri addım atmalı olub. 1 fevral 2026-cı il tarixli məlumatına əsasən, sənətçi artıq uzunmüddətli icarə əsasında yaşayır. Domodedovoda keçirilən “Yubiley anşlaqla” adlı konsertindən sonra müğənni icarədə yaşadığını rəsmən təsdiqləyib.

Larisa Dolina jurnalistlərə bildirib ki, hazırda əsas hədəfi daha çox pul qazanmaq və fırıldaqçıların əli ilə satılan həmin mənzilini nə vaxtsa geri almaqdır. Sənətçinin sözlərinə görə, hazırda ona çox yaxşı şərtlərlə kirayə mənzil təklif olunub. Müğənninin direktoru Sergey Pudovkin ELAZ.İNFO-nun da diqqət yetirdiyi bir məqamı xüsusi qeyd edib. O, mətbuatı sənətçiyə qarşı amansız olmamağa çağırıb:
“Larisa Dolina hazırda kirayədə qalır. Detalları açıqlaya bilmərəm, amma onun heç olmasa nisbi təhlükəsizlik və sakitlik hiss edəcəyi bir yerə ehtiyacı var. Bu hadisə ətrafında onsuz da kifayət qədər səs-küy yaradılıb.”
Xatırladaq ki, hüquqşünaslar bu hadisəni artıq “Dolina effekti” adlandırırlar. Çünki bu qalmaqaldan sonra Rusiya daşınmaz əmlak bazarında fırıldaqçılıqdan sığortalanmaq üçün qanunvericilikdə ciddi sərtləşdirmələr tətbiq olunub. Məhkəmə mülkiyyəti Polina Luryeyə qaytardıqdan sonra, 19 yanvar 2026-cı ildə açarlar rəsmən təhvil verilmişdi.
Ruslan MƏMMƏDOV