Cinayət Məcəlləsinin 274-cü, 278-ci və 193-1-ci maddələri ilə ittiham olunan şəxs dövlətə qarşı ən ağır cinayətlərlə suçlanır. Bu maddələrdən hər biri cəmiyyətin və dövlətin təhlükəsizliyinə, siyasi sabitliyə və iqtisadi sistemin qanuniliyə əsaslanan fəaliyyətinə ciddi təhdid yaradan əməlləri əhatə edir. Əgər istintaq gedişində və məhkəmə araşdırması nəticəsində həmin şəxsin bu maddələrlə nəzərdə tutulan əməlləri törətməsi sübuta yetirilərsə, o zaman onu çox ağır cəza gözləyir. Dövlətə xəyanət (CM-nin 274-cü maddəsi) — yəni Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, dövlət müstəqilliyinə və müdafiə qabiliyyətinə qarşı düşmənçilik fəaliyyəti, xarici dövlət və ya təşkilatlara casusluq etmək, dövlət sirrini yaymaq və s. kimi əməllər — 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.
Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (CM-nin 278-ci maddəsi) — yəni silahlı çevrilişə cəhd, dövlət hakimiyyət orqanlarının fəaliyyətini zor tətbiqi ilə dayandırmaq və ya ələ keçirmək kimi əməllər — 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddə üzrə cəza dövlətin konstitusiya quruluşuna yönəlmiş hücum kimi qiymətləndirilir və ictimai təhlükəlilik dərəcəsinə görə ən ağır cinayətlər sırasındadır.
193-1-ci maddə — cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması — isə daha çox iqtisadi yönümlü ağır cinayətdir və məqsəd, məbləğ və miqyasdan asılı olaraq 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin bu maddə 274 və 278-ci maddələrlə birlikdə tətbiq olunduqda, ümumi cəza daha sərt şəkildə müəyyən edilir, yəni cəzanın cəmi deyil, məhkəmənin təyin etdiyi ən ağır cəzanın üstünə müəyyən müddət əlavə edilə bilər.
İstintaq mərhələsində belə hallarda əməliyyat-axtarış tədbirləri xüsusi rejimdə aparılır. Dövlət Təhlükəsizliyi Xidməti və ya Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. İlk növbədə təqsirləndirilən şəxsin əlaqələri, xarici kəşfiyyatla mümkün əməkdaşlığı, maliyyə əməliyyatları və gizli ünsiyyət vasitələri araşdırılır. Məhkəmə qərarı ilə telefon danışıqları, yazışmalar, bank hesabları, elektron məlumatlar və s. izlənilir və analiz edilir. İstintaqın gedişində ifadələrin alınması, şahidlərin dindirilməsi, ekspertiza təyin edilməsi, elektron sübutların toplanması mühüm əhəmiyyət daşıyır. Dövlət sirrinin qorunması məqsədilə istintaqın bir hissəsi qapalı şəkildə aparıla bilər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi istintaq materialları ilə yalnız müəyyən mərhələdə tanış ola bilər, çünki bəzi sübutlar milli təhlükəsizliklə bağlı ola bilər. Məhkəməyə qədər olan mərhələdə şəxs adətən həbs qətimkan tədbiri ilə istintaq təcridxanasında saxlanılır. İttiham aktı təsdiqləndikdən sonra iş məhkəməyə göndərilir və burada artıq məhkəmə istintaqı başlanır. Məhkəmə istintaqı zamanı sübutlar araşdırılır, şahidlər, ekspertlər dindirilir, müdafiə və ittiham tərəflərinin çıxışları dinlənilir. Bu mərhələdə məhkəmə dövlət sirrinin qorunması tələbi ilə bəzi iclasları qapalı qaydada keçirə bilər. Məhkəmə hökm çıxararkən bütün sübutlar, ifadələr, ekspertiza nəticələri və əməliyyat məlumatları təhlil edilir. Əgər şəxs doğrudan da dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması əməlini törədibsə, bu halda ona uzunmüddətli azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası təyin olunur. Əgər işin xarakteri və ictimai təhlükəlilik səviyyəsi yüksək qiymətləndirilərsə, məhkəmə daha sərt cəza seçə bilər.
Belə hallarda məhkəmə hökmü yalnız hüquqi deyil, həm də siyasi və ictimai əhəmiyyət daşıyır. Çünki bu kimi cinayətlər dövlətin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir və onların qarşısının alınması dövlətin prioritet vəzifəsidir.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil