Mədhiyyə və Elm

ELAZ.İNFO


Yanlışlarımız çoxdur. Onların təməl qaynagı dogruların gerçək üzünü görə bilməməyimizdir. Bu bizim keyfiyyətli yaşamamıza olumsuz təsir göstərir. Bəzən kibirli bir şeir-sənət adamının zəif yerlərinə toxunursan, həmən dostluq, yerliçilik, hardasa nə zamansa torpil görmə epizodu, duygular, düşüncələr işə düşür. Tamam, ədəbiyatı anladıq, subyektiv işdir, zövqlə, alğı ilə bağlılığı çoxdur. Bəs elmə sözünüz nədir. Burada adını çəkdiyimiz və çəkmədiyimiz düşüncələr duyğular işləyə bilməz axı. Kimisə reklam edə, tərifləyib gözə soxmağa çalışa bilərsiniz. Ancaq o kimsəni elmə soxa bilməzsiniz. Bu yöndə çox çalışmalar oldu, kimsə bu gün sabah Nobel ödülü alacaq dediniz, kimisə Fukoya, kimisə Popperə, bir başqasını Ekoya bənzəttiniz. Bu nəhəng elm adamlarını oxumadan, əsasən də oxuyub anlaya bilmədən laga-luga yazanları onlara tay tuttunuz. Mən indi bu mədhiyyəçilərdən soruşuram: Azərbaycanda Fuko ilə müqayisə etdiyiniz adamın hansı fikri, qavramı, yanaşması, nəzəriyyəsi, modeli, elmi paradigması var ki, siz onuFuko ilə müqayisə edirsiniz? Siz Fukonun nəyini oxudunuz anladınız ki, onu Azərbaycanda kiminləsə qarşılaşdırırsınız?
Bəy əfəndilər, bu gəlişi gözəl sözləri saga-sola səpib niyə qafa qarışdırırsınız. Bu elmdir, ədəbiyyat deyil ki, Anarı, Elçini küləkləyə-küləkləyə Markezlə qarşılaşdırasınız. Elmdə dəqiq indikatorlar çalışır. Burada Q1-Q2 dərgilərində məqalə yayınlamalısan; Bu azdır – yayınlanan məqalələrə bütün dünyada atıflar olmalıdır; Universitətlərdə istifadə olunan dərs kitabların olmalıdır; bu azdır-aranan, sevilən, oxunan dərs kitabı olmalıdır.
“Elm Fəlsəfəsi” kitabını yazanda ölkədə elmin durumunu yeni gözlə bir də nəzərdən keçirməyə başladım. Canıma cəfa basdım diqqətdən kənarda qalan, lazımsız görünən məqalələri və kitabları da incələdim. Azərbaycan elmində elm fəlsəfəsinin – Məntiqi pozitivizm, Karl Popperin yanlışlanma meyarı, Tomas Kunun paradigmalar və elmi inqilablar, İmre Lakatoşun tədqiqat proqramları, Paul Feyerabendin metod anarxizmi, Mişel Fukonun post-strukturalist yanaşması – kimi təməl nəzəriyyələrinə uyan, çərçivəyə yerləşdirilə bilən tutarlı bir ideya qarşıma çıxmadı. Müasir Azərbaycan elmi mühitində bu nəzəriyyələrə uyğunlaşdırıla bilən tutarlı elmi ideya yox dərəcəsindədir. Yalnız Azad Mirzəcanzadənin “İxtisasa Giriş” kitabındakı müəyyən tezisləri və Rafiq Əliyevin bəzi fikirlərini mövcud nəzəriyyələrlə qismən əlaqələndirmək mümkün olur. Lakin onların da önəmli bir hissəsi sadəcə bulanıq məntiqə həddindən artıq bağlılıq səbəbindən geniş elmi kontekstə daxil edilə bilmir. Çünki, elm bir məntiq üzərində qurulmur, başqa məntiqlər də var…
Yəni, bizdəki elmə aid ufak-təfək çalışmaların demək olar ki, mütləq əksəriyyətinin mövcud təməl nəzəriyyəlrlə bağı yoxdur. Elmi araşdırma qaydası isə tələb edir ki, sən araşdırmanın əsas tezisini hansısa nəzəriyyəyə dayayasan, ona töhfə verəsən, onu gəlişdirəsən, çərçivəni bir qədər də olsa doldurasan. Əgər istinad edəcəyin bir nəzəriyyə yoxdursa bu zaman onu yaratmaga məcbursan. Bizdəki araşdırmalarda pozulan təməl kural da budur-bir fikir ortaya atılır, ancaq heç bir nəzəriyyə ilə bağı olmur. Bu bəsit qaydaya əməl etmirik, edə bilmirik, dünya elminin nəhəngləri ilə də özümüzü bir araya qoymağa çalışırıq.
Fukodan və ya burada adları çəkilən başqa birisindən bəhs edən adam, əmin ol ki, adını zikr etdiyin kəsi oxumamısan, oxumusansa anlamamısan. Çünkü Karl Popperi, Tomas Kunu, İmre Lakatosu, Paul Feyerabendi oxumadan, anlamadan Fukonu anlaya bilməzsən. Onları da anlamaq üçün Frensis Bekonu, Auguste Komteni, Rene Dekartı, İbn-Sinanı, Xarəzmi və Fərabini, onları da anlamaq üçün Platonu, Aristonu, Sokratesi anlaman, önbilgilər toplaman lazım gələcək. NƏHƏNGLƏRİ YALNIZ NƏHƏNG FİKİRLƏRİNİ ƏSAS ALARAQ MÜQAYİSƏ EDƏ BİLƏRSİNİZ! Bunu da qafanızın bir köşəsinə yazın.
Bir başqa soru-biz niyə elmi araşdırma apara bilmirik – sorusudur. Səbəbləri çoxdur. Ancaq mənim gördüyüm təməl səbəb universitetlərdə “Elmi Araşdırma Yöntəmləri” dərsinin verilməməsi və ya verilirsə keyfiyətiz tədrisidir. Bu kursu keçməyən, araşdırma yöntəmlərini bilməyən bir tədqiqtçı müasir elmin tələblərinə cavab verən araşdırma ortaya qoya bilməz. Yazdıqlarını elmi ad və dərəcə almaq üçün çap etdirə bilərmi? Bilər. Nə çoxdur pullu kuluar dərgiləri… Rusiya bazarı zəngindir… Ama elm bu dərgilərdə yaranmır, indeksli dərgilərdə yaranır ki, “Dərgi Park”, “TR Dizin – Ulusal Akademik Dizin” də bu sistemin içindədir. Ən əsası, elm universitetlərin istifadə etdiyi, sevdiyi dərs kitabları ilə yaranır.
Əlqərəz, mədhiyyələrlə, reklamla “dünya şöhrətli alim”, “Şərqin Ekosu”, “Azərbaycanın Fukosu” kimi yarlıklarla, mənasız metaforlarla bir ölkədə kimisə tanıda, iç topluma sevdirə bilərsiniz, ancaq onu dünya elminə soxa bilməzsiniz. Mən də iddia edə bilərəm ki, Misir Mərdanov Azərbaycanın Eynşteynidir. Bu nəyi dəyişə bilər ki…
Sonuc:
Azərbaycan elmi mühitində nəzəri təməlin zəifliyi, elmi metodologiyanın kifayət qədər tədris edilməməsi və elmi göstəricilərin nəzərə alınmaması elmin inkişafına ciddi maneələr yaradır. Elmin mahiyyəti obyektiv kriteriyalar, nəzəri çərçivələr və metodoloji ardıcıllıq tələb edir. Elmi fəaliyyət yalnız bu tələblərə uyğun qurulduqda beynəlxalq səviyyədə rəqabət apara bilər.
Metaforlarla, emosional yarlıqlarla və ya yersiz müqayisələrlə elmi prosesləri irəli aparmaq mümkün deyil. Elmin inkişafı, yalnız yaxşı təhsil, metodologiya, nəzəri baza və akademik məsuliyyət üzərində yüksələ bilər.

Xaləddin İBRAHİMLİ -Professor

Bizimlə oxuyun
Verified by MonsterInsights