XIX əsrin sonu, XX əsrin əvvələrində Bakıda neft sayəsində varlanan kifayət qədər şəxs olub. Bu şəxslər içərisində elələri olublar ki, Bakı, Abşeron və Azərbaycanın memarlıq və xeyriyyəçilik izləri üstündən 100 ildən çox vaxt keçməsinə baxmayaraq izni hər yerdə görürsən, elələri də olublar ki, Azərbaycandan milyonlarla pul qazanıb izsiz tozsuz yox olublar.
Azərbaycan bolşeviklərin işğalından sonra böyük izləri olan şəxslər barəsində məlumatlar arxivlərdə gizlədildi. Lakin artıq bu sənədlər Günəşi görürlər və o dövrün şəxslərinin şəxsiyyətlərini görmək olur
Belə adamlardan biri də Teymur bəy Qulubəyovdur. Bakının tanınmış varlılarından olan Teymur bəy Qulubəyov alman və ingilis dillərində danışmaqla yanaşı Tiflis, Petrovsk, Mahaçqala, Minsk, Lodz və digər şəhərlərdə nümayəndəlik açaraq neft satışını həyata keçirib.
Teymur bəy Qulubəyov neft qüllələrinin və bir neçə kerosin-benzin zavodlarını birləşdirən ticarət evinin yaradıcılarından biri olmuşdur. O, Nəcəfqulu Məmmədov ilə birlikdə 1909-cu ildə “T. Qulubəyovun və N. Məmmədovun ticarət evi”ni təşkil edirlər və Çar Rusiyası dövründə varlı 300 şəxs siyahısında idi.
Teymur bəyin Bakıda tikdirdiyi memarlıq baxımdan gözəl evlər bu gün də şəhərə gözəllik verir. Təkcə biri, Bakının memarlıq şedevrlərindən sayılan freskalı ev Əhməd Cavad 6 ünvanında yerləşir.
Teymur bəy incəsənətə inanılmaz dərəcədə səxavəti ilə tanınırdı.O, Üzeyir Hacıbəyovun yaxın dostu idi. Deyilənə görə, Şərqdə ilk opera olan “Leyli və Məcnun”-un yazılması prosesində və onun hazırlanmasına maliyyə dəstəyi verib.
Bakıda ona “gizli himayədar” deyirdilər. O, gəlir gətirməyəcəyini bilsə belə, ictimai təhsil üçün vacib hesab etdiyi kitabların nəşrinə külli miqdarda pul xərcləyirdi. Gənc musiqiçilər üçün alətlər alırdı, məktəblərin təmirinə pul ayırırdı.
O, Bakıya oxumağa gələn kasıb ailələrdən olan tələbələrin qalması üçün bir neçə pansionat sahibi idi. Ona bir gün xəbər verirlər ki, tələbələrdən biri qış üçün isti paltar və ayaqqabı çatışmazlığı səbəbindən təhsilini yarımçıq qoymağı planlaşdırır. Növbəti səhər tələbənin qapısında tam Avropa geyimləri və bir illik ərzaq ehtiyatı olan bir sandıq gözləyirdi. Teymur-bəy sandığa məktub yazıb qoymuş idi ki, kimsə bilməsin ki, bu onun hədiyyəsidir.
Onun haqqında deyilənə görə İtaliya qəzetində o dövrdə Şərqin musiqi mesenatı deyə bir yazı da dərc edilib. Düzü o yazını görməmişəm, amma bu yazıya səbəb olan hadisə barədə oxumuşam.
Teymur bəy İtaliyaya səfəri zamanı təhsil haqqını ödəmək üçün küçədə gənc bir skripkaçının ifa etdiyini görür. Ona yaxınlaşır. Skripkaçı ona kasıb ailədən olduğunu, təhsil almaq üçün pul qazanmaq üçün küçədə ifa etmək məcburiyyətində qaldığını deyir, başqa iş axtarmaq da istəmədiyini bildirib, musiqini çox sevdiyini deyir.
Teymur bəy tərəddüd etmədən ona məhşur italyan ustası tərəfindən hazırlanmış skripka alıb və konservatoriyada dörd illik təhsil haqqını ödəyib. Bu xəbər İtaliyada yayılıb və onun haqqında qəzetdə yazı da dərc edilib.
Çoxsaylı xeyriyyə işlərinə imza atan Teymur bəyin ölümü də faciəli olub. Onun qatilləri 1918-ci ilin 31 martında Bakıda soyqırım törədən ermənilər idi.
Teymur-bəy Mərdəkan kəndindəki bağ evindən şəhərə qayıdırdı. Yolda onun maşını erməni terrorçular tərəfindən saxlanıldı. Teymur-bəy və sürücünü yerindəcə vəhşicəsinə öldürüblər. Onun maşınında olan və üstündə olanları soyan ermənilər cinayətin sübutlarını ört-basdır etmək üçün həddindən artıq qəddarlıqla onların eybəcər hala salınmış cəsədləri şəhərin kənarındakı boş neft quyularından birinə atdılar.
Teymur-bəyin cəsədi yalnız bir müddət sonra tapıldı. Elə bir vəziyyətdə idi ki, milyonçunu yalnız yanında qoyduğu şəxsi əşyalarla tanımaq mümkün idi. Bu cürə böyük şəxsiyyət erməni terrorunun qurbanı olur
Zaur Əliyev
Prof.Dr.


