Məcburi üzr

Bu silsilədən olan öncəki yazımda Qəzzadakı soyqırıma və Qətərin paytaxtının bombalanmasına görə ABŞ prezidenti Donald Trampın və onun havadarlıq etdiyi İsrailin baş naziri Benyamin Netanyahunun dünya birliyinin sərt təpkisi ilə üzləşdiklərini və bu səbəbdən Trampın Netanyahunun ilhaq planlarına mane olacağını vurğulamışdım.

Budur, dünya birliyinin sərt təpkisinin ilk real nəticəsi özünü çox gözlətmədi.

Bu gün Benyamin Netanyahu Trampla görüş zamanı birbaşa Ağ Evdən Qətərin Baş naziri Məhəmməd Əbdürrəhman Al Taniyə telefonla zəng edərək, İsrailin 9 sentyabr 2025-ci ildə Qətərin paytaxtı Dohaya endirdiyi zərbəyə görə üzr istəyib. Netanyahu bu hadisəyə görə təəssüf hissini ifadə edib.

Beləliklə, dünənə kimi az qala hamıya meydan oxuyan Netanyahu son proseslər müstəvisində geri çəkilməli oldu. Çünki onun yürütdüyü amansız soyqırım siyasəti sonda bütün dünyanı İsrailə qarşı köklədi.

Tramp Netanyahudan fərqli olaraq nisbətən daha realist və praqmatik adam olduğuna görə ABŞ və İsrailin Qəzza və bütün Yaxın Şərqlə bağlı radikal dizayn planının yanlış plan olduğunu çox tez anladı və buna görə də həm özü geri çəkildi, həm də Netanyahunu geri çəkilməyə məcbur etdi.

Netanyahunun Qətər liderindən üzr istəməsinin ardınca, onun Trampın Qəzza ilə bağlı yeni planı (“Utkoff planı”) ilə razılaşdığı da bildirilir.

“Utkoff planı”nın əssas bəndləri bunlardır:

– İsrail Qəzza və İordan çayının qərb sahilindən çəkiləcək.

– Qəzzada müvəqqəti hökumət (Fələstin Komitəsi) qurulacaq. Qəzzaya nəzarəti siyasi mənsubiyyəti olmayan, texnokratlardan ibarət Fələstin Komitəsi həyata keçirəcək.

– Fələstin Komitəsinə Tony Bleyr (İngiltərənin keçmiş baş naziri) rəhbərlik edəcək.

– Müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələri (sülhməramlı qüvvə) yaradılacaq və bu qüvvələr Qəzzada sabitliyə nəzarət edəcək.

– Qəzza və İordan çayının qərb sahili yenidən qurulacaq. Bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur.

– Ərəb ölkələri bu planı maliyyələşdirəcək.

– HƏMAS Qəzzada tərksilah ediləcək…

Bu sənədə, həmçinin silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak etməməlidirlər.

Plana əsasən, dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur. Girovların azad olunması üçün 72 saat vaxt veriləcək.

Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1 700 mülki sakini təhvil verməlidir.

Fələstin Komitəsi Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq. Komitənin fəaliyyətinə isə müvəqqəti beynəlxalq keçid orqanı – ABŞ prezidentinin rəhbərlik edəcəyi “Sülh Şurası” nəzarət edəcək.

P.S. Bu plan hazırkı kritik mərhələdə bütün tərəflər üçün münasib sayılır. Dünya birliyinin təzyiqləri və dəstəyi davamlı olarsa, bu planın icrası tezliklə baş tuta bilər.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights