-Hər bir dövlətin müstəqillik atributlarından biri də dildir. Dil – dövləti və xalqı beynəlxalq aləmdə təmsil edir. Hər hansı bir möhtəşəm tədbirdə – misal üçün BMT-nin iclaslarının birində – müstəqil dövlətin dilində danışmaq – bu dili, bu xalqı və bu dövləti tanıtmaq qədər əhəmiyyətlidir. Çox şükürlər olsun ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və bu dövlətin rəsmi dili azərbaycan dilidir. Və bir daha şükürlər olsun ki, ərəb, fars, rus dillərinin hakim olduğu dövrlər tarixin “arxivində” qalıb. Hələ Sovet dövründə Azərbaycan SSR-də dövlət dili azərbaycan dili hesab edilsə də, SSRİ məkanında vahid dövlət dili kimi rus dili işlədilirdi və bu səbəbdən də, onun tətbiqi “kağız üzərində” qalmışdı və hətta, qeyri-rəsmi şəkildə sıxışdırılırdı. Müstəqilliyimizin elan edildiyi ilk illərdə azərbaycan dili çox böyük coşqu ilə dövlət səviyyəsində tətbiq olundu və yeni əlifbaya keçilməsi ilə daha da təkmilləşdi. Orta və ali məktəblərimizin demək olar ki, hamısında bu coşqu hiss olunurdu. Lakin, bu coşqu tədricən sönməyə başladı və məktəblərimizdə rus və ingilis dillərində tədrisin genişlənməsi prosesi gücləndi. Çox təəssüflər olsun ki, bəzi “başbilənlər” nəinki məktəblərdə, hətta bağçalarda ingilis dilində təmayülə üstünlük verməyə başladılar. İndiki halda, bağça-orta məktəb-ali məktəb səviyyələrində tədris ocaqları yaradılmışdır və bu tendensiya getdikcə güclənməkdədir.
Nə üçün belədir?
Məlumdur ki, BMT-nin işlətdiyi əcnəbi beynəlxalq dillərdən biri də ingilis dilidir. Bu dildə dünyanın əksər ölkələrində qarşılıqlı münasibətlər qurmaq mümkündür və xüsusən də kompyuter texnologiyasının əsas özəyi bu dilin üzərində qurulmuşdur. Bu baxımdan dünya xalqları ilə ünsiyyət qurmaq, kompyuter-internet əlaqələri qurmaq üçün ingilis dilini bilmək, bu dildə yazıb-oxumağı bacarmaq müsbət keyfiyyət kimi dəyərləndirilə bilər və bu təqdirəlayiqdir. Lakin, ingilis dilinin öyrədilməsi və tətbiqi, əsla müstəqil dövlət dilinin sıxışdırılması (və ya məhdudlaşdırılması) hesabına olmamalıdır. Hələ də, böyük mübahisələr və tərəddüdlər obyekti olan “qloballaşma dövründə” bunun nə ilə nəticələnəcəyi (kiçik xalqların və onların dillərinin tədricən itə bilməsi) barədə müxtəlif təzadlı fikirlər səslənməkdədir.
Belə bir mühitdə “bağça-məktəb-universitet” ardıcıllığı ilə əcnəbi dildə təhsil qurmaq “təhlükəli” deyilmi?! Hesab edirəm ki, hər bir müstəqil dövlətin təhsil sistemi, o dövlətin xalqına xidmət etmək istiqamətində qurulmalıdır və yalnız dövlət dilində aparılmalıdır! Bu, dövlətçilik, vətənpərvərlik və xalqın ruhuna yaxınlıq kimi dəyərləndirilməli və tətbiq olunmalıdır!
P.S. Mən heç də əcnəbi dillərin öyrənilməsi və öyrədilməsi əleyhinə deyiləm və bu yanaşmanı məqbul hesab etmirəm. Mənim fikrimcə, əcnəbi dilin öyrədilməsi orta məktəblərdə başlanmalı və elə təşkil edilməlidir ki, hər bir məzun orta məktəbi bitirərkən kamal attestatı ilə yanaşı, həm də əcnəbi dillərdən birində (rus, ingilis, ərəb, fars və b.) tam oxuyub-yazmaq bacarığının olması barədə “sertifikata” sahib olmalıdır. Yalnız bu şərtlə məzunlar universitetlərə qəbul imtahanına buraxıla bilsinlər. Belə olan təqdirdə, həmin gənc tələbə hüququ qazanarsa, öyrəndiyi dildə olan istənilən ədəbiyyatdan istifadə edə bilər və ona əcnəbi dildə dərs keçməyə ehtiyac olmaz!
P.P.S. Əgər bütün ali məktəblərimizdə yüksək səviyyəli tədris azərbaycan dilində keçirilərsə, bu həm də dilimizin təbliğinə və təşviqinə xidmət edə bilər. Belə ki, bizim ali məktəblərimizdə təhsil almaq istəyən xarici vətəndaşlar bizim dilimizi öyrənər və öz ölkələrində azərbaycan dilinin “elçiləri” ola bilərlər. Bu həm də türkdilli dövlətlərin vətəndaşları üçün “milli birlik” ideologiyasının yayılmasına xidmət edə bilər.
Ağasəf İMRAN