Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı erməni millətindən olan məhkumların Ermənistana təhvil verilməsi ilə bağlı müzakirələrə münasibət bildirib.
ELAZ.İNFO xəbər verir ki, Elçin Ağamalı öz “Facebook” səhifəsində paylaşım edərək, bu addımın Azərbaycanın dövlət maraqlarına tam uyğun olduğunu vurğulayıb. O, cəmiyyətdəki fərqli baxışlara toxunaraq, məsələnin həm mənəvi, həm də strateji tərəflərini təhlil edib.
Sədr müavini qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətləri mənəvi cəhətdən qəbul etmək ağır olsa da, real mənzərəyə geniş prizmadan baxmaq lazımdır: “Xalqımıza qarşı 30 ildən artıq davam etmiş erməni terrorunda on minlərlə nümayəndə iştirak edib. Bir neçə nəfər hərbi cinayətkarın Bakıda həbsxanada cəza çəkməsi ümumi mənzərədə nəyi dəyişir? Ermənilərə qarşı ən böyük cəzanı Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə 2020 və 2023-cü illərdə vermişdir. Biz tökülən qanımızın əvəzini torpaqlarımızı bütövləşdirməklə, ölkəni ermənisizləşdirməklə almışıq”.

Məhkumların dəyişdirilməsinin siyasi əhəmiyyətinə toxunan E.Ağamalı, bu addımın regionda sülh yaratmaq prosesində müsbət rol oynayacağını bildirib: “30 illik hərbi qarşıdurmadan sonra əməkdaşlıq etmək psixoloji cəhətdən çətindir, ancaq vacibdir. Dayanıqlı sülhün əldə olunması və qarşılıqlı etimadın yaranması üçün xoşməramlı addımlar atılmalıdır. Ermənistan hər zaman özünə dayaq axtarışında olub. Əgər Azərbaycan təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində bu dayağa çevrilməsə, yaranmış boşluğu başqa dövlətlər dolduracaq ki, bu da revanşist qüvvələrin aktivləşməsi deməkdir”.
E.Ağamalı Ermənistandakı daxili siyasi vəziyyətə də diqqət çəkib: “Paşınyan hökumətinin Ermənistandakı mövcud siyasi qüvvələr içərisində Azərbaycan üçün ən məqbul variant olması sirr deyil. Bu siyasi qüvvənin hakimiyyətdə qalması və seçkilərdə uğur qazanması dövlətimizin maraqlarına xidmət edir. Azərbaycan, dolayı yollarla olsa da, sülhə meylli hökumətin nüfuzunun artmasına xidmət edəcək addımlar atmalıdır”. Sonda o, ölkə rəhbərinin qərarlarının milli maraqlara söykəndiyini vurğulayaraq bildirib:
“Azərbaycanda heç kim ölkəsini cənab İlham Əliyevdən artıq sevdiyini iddia edə bilməz. Cənab Prezident bu sevgini əməlləri ilə artıqlaması ilə sübut etmişdir”
Ruslan MƏMMƏDOV