300 il əvvəl Amerika dövləti (Amerika Birləşmiş Ştatları) qurularkən orada böyük bir anarxiyanın hökm sürdüyü hamıya məlumdur və bu bir tarixi həqiqətdir! Lakin, indiki ABŞ, həmin Amerika deyildir və o zamandan bu günə kimi xeyli müsbət dəyişiklik baş verib. Bütün bu dəyişikliklərdə demokratiya prinsiplərinin güclənməsini və insan haqlarının müdafiəsini də qeyd etmək olar. Lakin, xeyir və şərin, gecə və gündüzün təzadı labüd olduğu kimi, Amerika demokratiyasında da təzadlı anlar vardır və çox təəssüf ki, bu anlar diqqətdən kənarda qalıb. Sözüm lobbi və lobbiçilik barədədir. Təəccüb və təəssüf doğuran fakt budur ki, keçən əsrin ilk illərində ABŞ senatı lobbiçiliyi bəyənib və bu fəaliyyəti təqdir edib. Lobbiçiliyin tarixi və mahiyyəti barədə söz açmaq istəmirəm. Sualım belədir: Müasir dövrdə lobbiçilik ideoloji terror deyilmi?
Hansı lobbi, xeyirxah bir əmələ dəstək verib? Elə bir fakt varmı ki, hansısa bir lobbi (italyan, rus, erməni və s.) haradasa, hansısa bir ölkədə xeyirxah bir əməlin sahibi olub? Əksinə, italyan lobbisi italyan mafiyasının, erməni lobbisi erməni terrorunun müdafiəçisi və tərəfdaşı olub. Əgər təkcə erməni lobbisini nəzərdən keçirsək görərik ki, öz tarixi boyu həmişə terrorçuların və mafiyasının yanında olub və tarixi boyu da ədaləti yox, ədalətsizliyi müdafiə edib.
Təkcə bir faktı demək kifayətdir ki, bu deyilənlərin həqiqət olduğunu dərk edək. Keçən əsrin 60-70-ci illərində erməni ASALA terror təşkilatının üzvləri Türkiyə diplomatlarına qarşı terror aktları törətdikləri halda, onların himayədarları və müdafiəçiləri erməni lobbisi olub və bu indi də belədir. Əgər, bu belədirsə, nə üçün lobbiçilik qadağan edilmir?! Axı ədaləti yox, ədalətsizliyi müdafiə edən heç bir təşkilatın “yaşamaq” haqqı olmamalıdır!
Nə üçün BMT səviyyəsində məsələ qaldırılıb, bu kimi fəaliyyətə – lobbiçiliyə- qadağa qoyulmur?! Əgər biz dünyada ədalətin və demokratiyanın bərpasını istəyiriksə, lobbiçilik mütləq qanundan kənar hesab edilməli və ona qadağa qoyulmalıdır! Hesab edirəm ki, lobbiçilik “mənəvi terror təşkilatı” kimi elan edilməli və belə fəaliyyətə dünyanın bütün ölkələrində qadağa qoyulmalıdır!
Ağasəf İMRAN