Professor Con Henessi dünyaca məşhur Stenford universitetinin 2000-2016-cı ilərdə prezidenti olmuşdur. Ona Silikon vadisinin “xaç atası” da deyirlər. Henessi “Liderin prinsipi” kitabında keçdiyi həyat yolunda liderlik dərslərini böyük səxavətlə bölüşür və sahibkar kimi başgicəldici elmi uğurlar qazanmasından yazır: “Liderin özünəinamı tükənməz olmalıdır, həmçinin güzəştə getməyi bacarmalı, sabitqədəm, ciddilik və empatiya (digərlərinin hisslərini anlamaq və dərk etmək qabiliyyəti) onun həyat prinsipini təşkil etməlidir.
2000-ci ildə inaqurasiya nitqi hazırlayarkən Universitetin 109 illik tarixində ona rəhbərlik edən şəxslər barədə düşündüm. Diqqətimi daha çox ilk rektor olmuş Devid Cordan çəkdi. O, inaqurasiya çıxışında bunları demişdi: “Biz müəllimlər və tələbələr ilk tədris ilindən çalışmalıyıq ki, təməlini qoyduğumuz Universitet insan sivilizasiyası durduqca əbədi yaşasın. Bu uzunömürlük planlaşma məni 4 sual verməyə məcbur edir. Stenford nə üçün mövcuddur? On ildən sonra Universitet necə olacaq? Bir əsrdən sonra necə olacaq? Necə etmək lazımdır ki, gələcək nəsillər indiki bizim imkanlarımız qədər imkanlara malik olsunlar? Axırncı sual mənə daha çox istiqamət verdi. Mən böhran və imkanlar kimi mürəkkəb problemlərlə üzləşəndə bunu anladım. Rəhbər şəxs seçiləcək yollarda yaranan şübhələri dəf etməlidir.”
Bir əsrdən sonra Stenford Dünyanın aparıcı universitetlərinin birinə çevrildi. Bütün reytinqlərdə öndə gedən Universitet oldu.
Zəruri qeyd: Bəs biz! 100 yaşı olan Universitetlər qarşısında hansı sualları qoyuruq? Hansı yolu keçmişik? Böhranı aradan qaldırmağın yollarını araşdırırıqmı? Stenford rektorları ilk rektorun qoyduğu 4 səmimi suala uzun illər cavab axtarmaqla möhtəşəm inkişaf yolu keçiblər.
; Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev