Laçının Ağbulaq kəndində bir təbiət möcüzəsinə tuş oldum. Yastı bir qayanın altından dağ çayı hönkürtü ilə çıxırdı. Ağbulaqlılar qaya altından çıxan bu boyda çaya bulaq deyirlər.
Gözümü dirəyib dərə yuxarı baxdım, bir az da şübhə ilə baxdım. Ağlıma gəldi ki, bəlkə hardansa bir çay axıb gəlir və qayanın koğuşundan, daşın altından, nə bilim dərənin qıjov yerindən qəfil peyda olur. Gördüm yox, yuxarıda çay yatağına bənzəyən kiçik bir əlamət də yoxdur. Deməli, dağlar gözünün yaşını sıxmağı da bacarır. Biz də qürrələnib deyirik ki, bu bulağın suyu daha yaxşıdır.
“Axdı eynim yaşı döndü sellərə” deyən aşiq bəlkə bu ağ daşlar, yastı qayalardır?
Bəlkə bu boyda dağların dərdi, həsrəti elə Ağbulaq adlı bir kəndin bulaq gözlərindən süzülüb çıxmağı daha üstün bilib?
Yox, Laçının Ağbulaq kəndi dağların ovcudur, dağlar da çox kövrəkdir gözünün yaşı ovcundadır.
Və bu dağlar gözünü ovcuna elə sıxır ki, ovcu daşır, Ağbulaq şəlaləsi yaranır.
Aşıq Familin kövrəkliyi isə dağlardan da betərdi.
İki gün Aşıq Familin ata yurdunda qurduğu çadırda qaldım. Bu əzəmətli kişinin gözünü quru görmədim. Aşıq Familin də gözünün yaşı ovcundaydl. Bilmədim Ağbulaq kəndi Aşıq Familin ovcudur, yoxsa Aşıq Familin ovcu Ağbulaq kəndidir. İkisi də bir-birinə oxşayırdı.
Elşən ƏZİM
Şair