Kürün Bulanıq Sularından Neft Mühəndisliyinə

Zaman amansız bir sürətlə axsa da, bəzi tarixlər var ki, bizi illər əvvələ – telefonun, internetin olmadığı, amma səmimiyyətin hər yeri bürüdüyü o xoşbəxt günlərə qaytarır. Bu gün, 3 mart, mənim üçün sadəcə təqvim yarpağındakı bir rəqəm deyil; bu gün uşaqlığımın, gəncliyimin və sarsılmaz dostluğumun bayramıdır.

Yadıma düşür… Evdən gizlin qaçıb Kürün o bulanıq, amma bizə dünyanın en təmiz suyu kimi görünən sularında çimdiyimiz o dəcəl anlar. O zamanlar bizim “virtual reallığımız” yox idi, amma xəyallarımız vardı. Həyətdəki əncir ağacının budaqlarına dırmaşar, oranı öz xəyallarımızda “Boeing” təyyarəsinə çevirərdik. O budaqlarda yellənə-yellənə həm uzaq ölkələri xəyal edər, həm də gələcəyin elmlərini, dillərini öyrənməyə can atardıq. Nəsib, Qalib və Fərid… Biz o ağacın budaqlarında dünyanı fəth etməyə hazırlaşan üç dost idik.

Taleyin maraqlı bir qismətidir ki, uşaqlıq dostlarımın üçünün də – Nəsibin, Qalib Ələkbərlinin və Fərid Yaqublunun doğum günü məhz bu günə, 3 marta təsadüf edir. Biz illərlə bu günü bir yerdə, bir süfrə arxasında qeyd etdik. Xüsusilə dostum Nəsibin həyat yolu bir nəslin mübarizəsini əks etdirir. 1982-ci ilin bu günündə Bakıda dünyaya göz açan Nəsibin tələbəlik illəri Azərbaycanın müstəqilliyinin ilk, çətin və sınaq dolu illərinə düşdü.

Azərbaycan Dövlət Neft Akademiyasının məzunu kimi, o da dövrün qayğılarından uzaq Rusiya diyarına üz tutmalı oldu. Bir neft mühəndisi kimi keçdiyi o çətin cığırlar bu gün artıq geridə qalıb. Şükürlər olsun ki, həm ölkəmiz, həm də dostlarımız o sınaqlardan alnıaçıq çıxdılar. İndi hərəmiz bir yerdə olsaq da, o əncir ağacının qoxusu, Kürün şırıltısı və o budaqlarda qurduğumuz xəyallar hələ də qəlbimizdədir. Nəsib, Qalib, Fərid! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Arzu edirəm ki, o uşaqlıq illərimizdəki təmizlik və həvəs heç vaxt qəlbinizdən əskik olmasın. Sizə uzun ömür, can sağlığı və ailə xoşbəxtliyi arzulayıram. Yollarımız uzaq olsa da, xatirələrimiz birdir. Yaxşı ki, varsınız, dostlar!

Hörmətlə, Sizin Ruslan ELAZ.İNFO
İlahə BAYANDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights