30 yanvarda Tramp ölkənin milli təhlükəsizliyinə Kuba tərəfindən təhdid olduğunu əsas gətirərək, ABŞ-da fövqəladə vəziyyət (FV) elan etdi. Bununla bağlı şərh verərkən Kubada vəziyyətin çox pis olduğunu, rejimin son günlərini yaşadığını bildirdi. Kuba ölkənin neftə olan tələbatını (avtomobillər üçün yanacaq, elektrik istehsalı və s.) Venesuela nefti ilə təmin edirdi. ABŞ Venesuela neftinə nəzarəti ələ keçirəndən sonra bir müddət onu Meksika əvəz etdi. Sonra ABŞ Meksikaya da Kubaya neft satmağı qadağan etdi. “Financial Times”ın dünənki məlumatına görə, hazırda Kubanın 15-20 günlük neft ehtiyatı qalıb.
Bu o deməkdir ki, ABŞ azı 20 gün gözləyəcək. Kubada yanacaq qıtlığı nəqliyyatın dayanması, elektrikin kəsilməsinə səbəb olandan sonra ölkədə narazılıqlar başlayacaq, ABŞ agenturası bu narazılıqları kütləvi itaətsizliklərə çevirməyə çalışacaq, sonra da İrandakı kimi küçələrdə qırğınlar törədərək, Starlink internetinin də köməyilə hakimiyyət çevrilişinə nail olmağa çalışacaqlar. Kubada Starlinki söndürmək üçün texnika yoxdur, onun Rusiya və ya Çin tərəfindən gətirilməsinə də imkan verməyəcəklər (əgər artıq gətirilməyibsə).
Bunlar gözlənilən ssenaridir. Bəs ABŞ-da FV elan etməyin buna nə dəxli var? Kubada hazırlanan “Maydan” ABŞ üçün necə təhdid yarada bilər? Lap tutaq ki, “Maydan” baş tutmadı və ABŞ-ın “xilaskar” ordusu Kuba xalqına “kömək” məqsədilə oranı bombaladı – məgər Kuba da cavabında ABŞ-a zərbə endirə bilərmi? İnandırıcı deyil, xüsusən də yanacaq qıtlığı şəraitində və ABŞ-ın ilk zərbəsinin məhz belə sistemlərə (varsa) olacağını nəzərə alarıqsa.
Onda niyə Tramp FV elan etdi?
Məncə, FV elan etmək üçün Kuba bəhanə idi. Çox güman ki, Tramp FV-ni bu ilin dekabrınadək saxlayacaq. FV prezidentə fövqəladə səlahiyyətlər verir. Məsələn:
-gömrük tariflərini təyin etmək, dəyişmək və ləğv etmək Konqresin səlahiyyətlərinə aiddir, FV-də isə bunu prezident elan edə bilər;
-hansısa ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün Konqresin razılığı tələb olunur, FV-də isə prezident Konqresin razılığı olmadan da buna start verə bilər;
-ölkədaxili iğtişaşların yatırılmasına ordunun cəlb edilməsi üçün Konqresin razılığı tələb olunur, FV-də isə bunun üçün prezidentə Konqresin razılığı tələb olunmur və s.
Qeyd olunanları nəzərə alsaq, FV elan etməkdə Trampın məqsədləri aydın olar:
-İranla münaqişə müharibəyə çevrilə bilər. Bunun üçün Konqresin razılığını almaq mümkünsüz görünür. Buna görə də Trampa fövqəladə səlahiyyətlər tələb olunur.
-İranla müharibə Trampın arzuladığı ssenari üzrə getməyə bilər. Bu halda ABŞ-da böyük etirazlar baş qaldıra bilər. Demokratik ştatlar federal hökumətə faktiki tabe olmadıqlarından etirazları yatırmaq üçün Trampın orduya ehtiyacı yarana bilər. Ölkə daxilində ordudan istifadə etmək üçün isə ona fövqəladə səlahiyyətlər lazımdır.
-İranla müharibə olmasa da Trampa ordunu ölkə daxilində istifadə etmək səlahiyyətləri lazımdır. Əslində, Trampın Avropadan qoşunları çıxartmaq istəyinin səbəblərindən biri elə budur (bu haqda keçən il bir neçə dəfə yazmışdım). Artıq aydındır ki, Konqresə aralıq seçkilər yaxınlaşdıqca demokratik ştatlar Trampa itaətsizlik göstərəcəklər. Minnesota ştatı bunu açıq göstərdi. Ştatın qubernatoru nəinki Trampın fərmanlarını icra etmədi, əksinə, federal qüvvələrə mane oldu və ştatın hərbiləşdirilmiş qüvvələrini (polis, qvardiya və s.) federal qüvvələrə (ICE və sərhəd mühafizəsi) qarşı etiraz edənlərin müdafiəsinə cəlb etdi. Qarşıdurmanın çox pis ssenari üzrə inkişaf etdiyini görən Tramp geri çəkildi və federal qüvvələri Minnesotadan çıxartmağa başladı. Hətta 2 həftə əvvəl haqqında federal səviyyədə cinayət işi açılmış ştat qubernatoru Tim Uolza zəng edib, vəziyyətin nizama salınması üzrə məsləhətləşmələr apardı. Yeri gəlmişkən, prezident seçkiləri zamanı Trampın rəqibi olan Kamala Harris Tim Uolzu özünə vitse-prezident götürmüşdü.
ICE reydləri ilə bağlı vəziyyət başqa demokratik ştatlarda da güclü müqavimətlə üzləşir. Müvafiq məhkəmələrin qərarları əsasında bir neçə ştatdan Tramp ICE qüvvələrini çıxartmağa məcbur olub. Tramp keçən prezidentliyi dövrünün (2016-2020) dərslərindən nəticə çıxarıb. 2020-ci ilin noyabrında növbəti prezident və Konqres seçkiləri olmalı idi. 2020-ci ilin mayında ABŞ-da BLM (Black Lives Matter) üsyanı baş verdi. Bu üsyanın əsas məqsədi Trampın yenidən seçilməsinə, respublikaçıların qalib gəlməsinə mane olmaq idi. Buna görə də üsyan əsasən demokratik ştatları bürüdü. Bu ştatlarda hakimiyyət orqanları üsyançılara nəinki müqavimət göstərmədilər, hətta onlar qarşısında diz çökməyə başladılar. BLM-i Soros Fondu, USAID və s. qlobalist təşkilalar maliyyələşdirird. Bu səbəbdən Tramp yenidən prezident seçilən kimi USAID-i ləğv etdi. Lakin Soros və başqalarının indi də ona qarşı mübarizə aparanları maliyyələşdirdiyini desə də onlara qarşı ciddi tədbir görə bilməyib. Görünür, onlar daha güclüdürlər.
Çox güman ki, bu il də maydan sonra Trampa qarşı küçə etirazlarına start veriləcək. 2020-ci ildə Tramp qubernatorlardan tələb etsə də onlar etirazçılara qarşı ştatın hərbiləşdirilmiş qüvvələrini istifadə etmədilər. Federal qüvvələri isə ştata göndərmək üçün qubernatorun razılığı tələb olunur – qubernatorlar buna da razılıq vermədilər. Ordunu münaqişəyə cəlb etmək üçün isə Konqresin razılığı lazımdır… Deməli, eyni ssenari indi də ola bilər və bu dəfə 2020-ci ildəkindən də ciddi və təşkilatlanmış şəkildə olacaq, çünki 2020-ci ildəki ABŞ daxilində təşkil olunan ilk belə hadisə idi. İndi artıq demokratlar yaxşı təcrübə toplayıb və təşkilatlanıblar. Həm də indi Trampla qlobalistlər arasında ölüm-dirim mübarizəsi gedir. Tramp özü də etiraf etdi ki, Konqres seçkilərində uduzsa, impiçment ediləcək. Aydındır ki, bundan sonra da o, həbs ediləcək.
Yəni nəyin bahasına olursa olsun, Tramp seçkilərdə uduzmamalıdır. Trampın isə reytinqi düşməkdə davam edir. Ölkədə iqtisadi vəziyyət yaxşılaşmır. Reytinqini qaldırmaq naminə Tramp hər cür avantüralara gedə bilər. O, Qrenlandiyanı işğal edə bilər. Bunun üçün də ona FV lazımdır. Reytinqinin yüksələcəyinə əmin olsa (sosioloji sorğular əsasında) Kubanı da bombalaya bilər – bunun üçün ona yenə FV lazımdır. Venesuela ilə bağlı da eyni vəziyyət yarana bilər.
Demokratlar da Trampa elə-belə tabe olmayacaqlar. Onlar bütün məsələlərdə, həmçinin FV-nin saxlanılmasına görə Trampa qarşı etirazları gücləndirəcəklər. Tramp bilir ki, demokratların əsas eloktoratı qeyi-leqal miqrantlardır (QLM). Tramp həm də buna görə onları deportasiya etmək istəyir. Demokratlar isə QLM-ləri müdafiə edəcəklər. Maydan sonra Trampa qarşı ən güclü etirazçılar kimi QLM-lərdən istifadə olunacaq. Tramp onlara güzəşt gedə bilməz, çünki bu halda etirazlar bütün ABŞ-ı bürüyəcək. Deməli, Tramp mübarizəyə ordunu cəlb etmədən keçinə bilməyəcək. Tramp ordunu kənarda saxlamaq üçün ICE-dan özü üçün bir növ “pretorian” qvardiyası yaratmışdı. Lakin bunu anlayan qlobalistlər bu il üçün Daxili təhlükəsizlik nazirliyinin (DTN) büdcəsini təsdiq etmədilər (31 yanvaradək təsdiq edilməli idi). 1 fevraldan DTN şatdaundadır, yəni fəaliyyət göstərməsi üçün maliyyə ayrılmır. ICE da DTN-nin tərkibində fəaliyyət göstərir. Yəni qlobalistlər indidən ICE-ı iflic ediblər. Düzdür, hazırda demokratlar ilə respublikaçılar arasında DTN-nin büdcəsini razılaşdırmaq üzrə danışıqlar gedir, nə ilə nəticələnəcəyi məlum deyil. Amma demokratlar ICE-a elə büdcə verməyəcəklər ki, onun ştatı böyüdülə və iğtişaşlara qarşı istifadə edilə bilsin.
Bir sözlə, maydan sonra ABŞ-da aləm bir-birinə dəyəcək. Hətta vətəndaş müharibəsinin baş qaldıracağı ehtimalı da yüksəkdir.
Ən azı iyula qədər Tramp Kubaya hücum etməməlidir, çünki onun “ABŞ-a təhdid subyekti” kimi qalması FV-nin saxlanmsına bəhanə ola bilər.
Fotoda: 2020-ci il BLM üsyanından bir kadr
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi