“Kosmos-482” stansiyası orbiti tərk edərək Hind okeanına düşüb

ELAZ.İNFO, BAKI, 12.05.2025.

ELAZ. İNFO xəbər verir ki, 1972-ci ildən Yer orbitində olan “Kosmos-482” sovet avtomatik stansiyası atmosferin sıx təbəqələrinə daxil olaraq Hind okeanına düşüb.

Roskosmos şənbə günü bildirib ki, “TsNİİMaş” ASC-nin (Roskosmosun bir hissəsi) mütəxəssislərinin hesablamalarına əsasən, qurğu Moskva vaxtı ilə saat 9:24-də Orta Andaman adasından 560 km qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb. Aparatın enməsi Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi tərəfindən idarə olunub”.

Məlumat üçün bildirək ki, sovet avtomatik stansiyası “Kosmos-482” 1972-ci ilin martında Veneraya göndərilib. Gücləndirici qurğunun anormal işləməsi səbəbindən cihaz planetlərarası trayektoriyaya daxil olmayıb və yüksək elliptik Yer orbitində qalıb. Zaman keçdikcə stansiya atmosferin yuxarı təbəqələri ilə sürtünmə səbəbindən Yerə yaxınlaşmağa başlayıb. Cihazın diametri təxminən bir metr, çəkisi 500 kq-dan azdır.

Dövlət korporasiyasının məlumatında o da deyilir ki, “ötən il planetimizin atmosferinə təbii və süni mənşəli 1981 kosmik obyekt daxil olub. Əslində hər gün Yerə 5 obyekt düşür, hər yeddincisi 500 kq-dan artıq çəkisi olan obyektdir. Biz onları gecə saatlarında “aşağı düşən ulduzlar” şəklində müşahidə edə bilirik. Maddi ziyan halları təcrid olunub. İnsanlar arasında tələfat yoxdur”.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights