Koskuduk Petroqlifləri və daş oymaları ( kap mark)
Aktau şəhəri yaxınlığında, Koskuduk adlı ərazidə yerləşən qədim qayaüstü rəsmlər və daş oymaları (çuxurlar) bölgənin ən qiymətli arxeoloji irs nümunələrindəndir.
Bu təsvirlər minilliklər öncə burada yaşayan insanların dünyagörüşü, inancı və rituallarından xəbər verir.
Məşhur arxeoloq, tarix elmləri doktoru Zainulla Samashevin rəhbərliyi ilə tərəfimizdən abidənin səthi təmizlənmiş, həmçinin foto və video fiksasiya işləri aparılmışdır.
Bu sayədə qaya təsvirlərinin mühüm detalları qorunaraq, gələcək elmi araşdırmalar üçün sənədləşdirilmişdir.
Abidələrin elmi və mədəni dəyərinin cəmiyyətə çatdırılmasında isə Меруерт Курмангалиева nın rolu əvəzsizdir. O, qədim türk irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.
Qeyd etmək maraqlıdır ki, bənzər petroqliflər və oyuqlar Azərbaycanın Qobustan bölgəsində də mövcuddur. Bu oxşarlıqlar Xəzəryanı mədəniyyətlərin və qədim türk tayfalarının bir-biri ilə mənəvi və simvolik bağlılığını göstərir.
Koskuduk — sadəcə arxeoloji abidə deyil. Bu, zamanlararası canlı bir körpüdür, əcdadlarımızın təbiətlə olan mənəvi münasibətinin daşa həkk olunmuş yaddaşıdır.
Bu kimi abidələrin qorunması — ortaq türk tarixinin və mənəvi yaddaşımızın qorunması deməkdir.
Sabit COCULU