“Komsomol”

ELAZ.INFO

Səməd Vurğunun “Komsomol” poemasını oxumusunuz və ya həmin əsərin motivləri əsasında çəkilən “7 oğul istərəm” filminə baxmısınız. Filmin ən təsirli səhnələrindən biri Sarı Səmistandan Bəxtiyara məktub gətirilməsi epizodudur. Bəs orada adı çəkilən Sarı Şəmistan əslində kimdir?
Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olur. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınır.İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulur. Zakaspi, Əndican və s. cəbhələrdəki döyüşlərdə iştirak edir. 30-cu illərdə Qazax Rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışır.
1937-ci ilin repressiya dalğası komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu “əksinqilabçı-trotskiçi” və millətçilik fəaliyyətində günahlandırır və birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubov güllələnir. Güllələndikdən sonra, SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə, Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) “vətən xaini”nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir.4 uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu, 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı “bezprizorniklər”(“kimsəsizlər”) saxlanılan koloniyaya göndərirlər…

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights