Davosa yola düşməzdən əvvəl, 20 yanvarda Tramp Truth Social hesabında süni intellektlə düzəldilmiş iki şəkil paylaşıb.
Birinci şəkildə Tramp, Vens və Rubionu görürük. Tramp torpağa ABŞ bayrağını sancır. Bura haradır? Onların qarşısındakı tablodan oxuyuruq:
“QRENLANDİYA – 2026-cı ildən ABŞ ərazisi”
İkinci şəkil 18 avqustda Trampın öz kabinetində Avropa vassallarını, eee… liderlərini alçaltdığı hadisəyə allüziyadır.
Trampın qarşısında oturanlar həmin adamlardır – Kir Starmer (Britaniya), Corcia Meloni (İtaliya), Ursula von der Leyen (AK), Fridrix Merz (Almaniya), Emanuel Makron (Fransa), Aleksander Stabb (Finlandiya), Volodimir Zelenski (Ukrayna), Mark Rutte (NATO). Real fotodur. Yalnız bir fərq var: Trampın solunda, vassalların önündə lövhədə Qərb yarımkürəsinin xəritəsi asılıb. Diqqət:
Xəritədə Qrenlandiya, Kanada və Venesuela ABŞ ərazisi kimi göstərilib!
Tramp Davosa getməmişdən tələbini irəli sürüb:
-Qrenlandiya 2026-cı ildən ABŞ-a verilməlidir!
-Kanada və Venesuela da hazırlaşsınlar.
Əlbəttə, bu hələ o demək deyil ki, Trampın arzuları reallaşacaq. Amma o belə olması üçün əlindən gələni edəcək.
Davos-2026, həqiqətən də, Kollektiv Qərbin məzarı olacaq.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi