Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır

Artıq bir neçə ildir ki, hər il aprel ayı ərzində respublikanın rayon və şəhərlərinin ümumi təhsil müəssisələrində “Oxu günü” tədbirləri təşkil edilir. Bu kimi layihələr uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur.Mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Məncə, bu amillər insanın məktəbə ilk qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir.

Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar. Əgər bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar.

İnsan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Mütaliəni çox edən insanlar həm düşüncə, həm  bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə – ən təsirli tərbiyə vasitəsidir. Çox kitab oxumaq insanda tərbiyəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu, insanlarda kiçik yaşlardan başlayır. Uşaqlar anlamasalar belə valideynlər onların yanında uca səslə kitab oxuduqda onlarda körpə yaşlardan kitaba sevgi, maraq yaradır.

Eyni zamanda, onu da qeyd edim ki, insan oxuyacağı kitabı seçərkən də çox diqqətli olmalıdır. Həm də oxuduğunu düzgün dəyərləndirməyi bacarmalıdır.

Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır.

Gülnarə ƏMİRASLANOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir