ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, 16 may 2025-ci il tarixində “Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi”nin təşkilatçılığı ilə “Kistoz Fibroz Ailə Məktəbi” çərçivəsində Kistoz Fibroz (KF) xəstəliyi ilə yaşayan ailələr üçün növbəti maarifləndirici təlim uğurla keçirildi. Tədbir Azərbaycan Milli QHT Forumunun ofisində – World Business Centerdə baş tutdu.
Tədbirin moderatoru – Səadət Bayramova giriş nitqi ilə çıxış edərək, ailələrin maarifləndirilməsinin xəstəliklə mübarizədə ailə məktəbinin mühüm rol oynadığını vurğuladı. O, bu cür görüşlərin həm pasiyentlərin həyat keyfiyyətini artırdığını, həm də ailələrin psixoloji və praktiki baxımdan dəstəkləndiyini qeyd etdi.
Tədbirdə iştirak edən Dr. Nigar Bayramova öz çıxışında Kistik Fibrozun tibbi aspektlərinə, o cümlədən genetik əsaslarına, müalicə strategiyalarına geniş yer verdi. O, xəstəliyin müasir dünyada necə izlənməsi və nəzarətdə saxlanması ilə bağlı aktual elmi məlumatlar paylaşdı.
Dr. Sənubər İsmayılova isə təqdimatında KF xəstələrinin gündəlik qayğısı, düzgün qidalanma, fizioterapiya və dərman qəbulu rejimi mövzularına toxundu. Eyni zamanda, uşaqlarda immunitetin gücləndirilməsi, infeksiyalardan qorunma yolları və psixoloji dəstəyin əhəmiyyətini xüsusi qeyd etdi.
Təlim interaktiv formatda keçmiş, iştirakçılar təqdimatlardan sonra suallar vermək, öz təcrübələrini bölüşmək və mütəxəssislərdən birbaşa məsləhət almaq imkanı qazanmışlar. Ailələrin fəallığı və sualların müxtəlifliyi tədbirin nə qədər faydalı və ehtiyacdan doğan olduğunu bir daha təsdiqlədi.
Bu cür maarifləndirici təşəbbüslər Kistik Fibrozla yaşayan fərdlərin və onların ailələrinin bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də birgə dəstək mühitinin formalaşmasına töhfə verir.
Materialı hazırladı:
Esmira RƏHİMOVA