Kişilik təkcə fiziki güc deyil, bu – mənəvi dayaqdır

Zaman öz axarı ilə irəlilədikcə, dünya dəyişir. Texnologiya inqilabları, sosial münasibətlərdə çevrilmələr, geyim və danışıq tərzindəki fərqliliklər, düşüncə sərhədlərinin genişlənməsi bir tərəfdən inkişaf kimi görünə bilər. Lakin bu dəyişikliklərin fonunda müəyyən sahələrdə baş verən mənəvi və əxlaqi enişlər cəmiyyəti düşündürməyə vadar etməlidir. Xüsusilə də Azərbaycan kimi öz milli-mənəvi dəyərlərinə sadiq bir xalq üçün bu dəyişikliklərin mahiyyətinə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.

Son illərdə cəmiyyətdə müşahidə olunan narahatedici meyllərdən biri də bəzi oğlan uşaqlarının qadınsayağı davranışlara meyl göstərməsidir. Bu, sadəcə vizual görünüşlə bağlı məsələ deyil. Səs tonu, danışıq tərzi, əl-qol hərəkətləri, emosional ifadələr və hətta sosial davranış formaları getdikcə kişi kimliyindən uzaqlaşmanı göstərir. Bəziləri bunu fərdi azadlıq və seçim kimi təqdim etməyə çalışsa da, bu hal cəmiyyətin gələcəyinə təsir edən bir sosial problemdir.

Cəmiyyətin sağlam qalması onun ən əsas dayağı olan ailədən başlayır. Ailə institutunda ata obrazı yalnız maddi təminatçı deyil, həm də əqidə, duruş və davranış nümunəsidir. Oğlan uşaqları ata obrazı ilə identifikasiya olunduqda kişilik xüsusiyyətlərini mənimsəyir, məsuliyyət, qoruma və rəhbərlik etmə bacarıqlarını inkişaf etdirir. Bu əsas sütunlar sarsıldıqda, kişilik təkcə bədən strukturuna deyil, mahiyyətinə də xələl gəlir.

Azərbaycan tarixi boyu kişiliyi ilə seçilən oğullar yetirib. Şah İsmayıl Xətai – yalnız böyük sərkərdə deyil, həm də söz adamı, əqidə insanı idi. Cavad xan son damla qanına qədər torpağını müdafiə edən əsl vətən oğludur. Qarabağ savaşında qəhrəmanlıq göstərən igidlərimiz müasir dövrümüzdə də kişi olmağın mənəvi və fiziki anlamını ortaya qoyublar. Onlar təkcə döyüşlərlə deyil, davranışları, duruşları və sadəlikləri ilə də kişi olmağın nümunəsini yaradıblar.

Bugünkü sosial tendensiyalar isə bu obrazları arxa plana keçirir. Televiziya və internet platformalarında təqdim olunan bəzəkli və çox zaman süni qəhrəman obrazları gənclər üçün “idol”a çevrilir. Bu “idol”lar gücdən, mərdlikdən, məsuliyyətdən uzaq, estetikaya həddən artıq önəm verən, özünü qadınsayağı aparan şəxslər olur. Bu, təkcə mədəni zövqlərin pozulması deyil, eyni zamanda gənc oğlanların şəxsiyyətinin deformasiyasıdır. Gənc nəslin düşüncəsində “kişilik” anlayışının dəyişməsi, gələcək cəmiyyətin əsas dayaq nöqtəsinin zəifləməsi deməkdir.

Unutmamalıyıq ki, kişi olmaq sadəcə bioloji cinsiyyətdən ibarət deyil. Kişi olmaq məsuliyyət daşımaqdır. Kişi olmaq qorumaq, yol göstərmək, çətin anlarda sarsılmamaq və hər zaman doğru ilə yanlış arasında düzgün mövqe tutmaq deməkdir. Azərbaycan kişisi tarix boyu bu keyfiyyətlərlə tanınıb və bu dəyərləri yaşatmaq bizim milli borcumuzdur.

Əgər bu borcu unudub, səssiz qalsaq, sabah oğlumuz kimə bənzəyəcək? Sosial mediada gördüyü makiyajlı, zərif danışan, emosional davranışları ilə populyar olan “idol”lara, yoxsa susaraq tarix yazan, bir millətin qürurunu çiyinlərində daşıyan igidlərə?

Əsl kişilik – haray salmadan haray olmaqdır. Əsl kişilik – qorxusuzca düz danışmaqdır. Əsl kişilik – ailəsini, vətənini, dəyərlərini göz bəbəyi kimi qorumaqdır. Biz tariximizə sadiq qala bilməsək, gələcəyimizdən danışmağa haqqımız olmaz. Bu səbəbdən hər bir valideyn, müəllim, ziyalı və ictimai fəal bu məsələyə laqeyd qalmamalıdır.

Kişilik təkcə fiziki güc deyil, bu – mənəvi dayaqdır. Bu dayağı itirsək, cəmiyyət öz kimliyini itirər. Gəlin oğullarımıza əsl kişiliyin nə olduğunu göstərək – sözlə yox, öz nümunəmizlə. Gələcəyimiz sağlam, kişilərimiz mərd, cəmiyyətimiz dayanıqlı olsun deyə…

Əli İBRAHİMOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights