Nə üçün bütün vətəndaşlar dövlət tərəfindən pensiya ilə təmin olunmalıdır? Axı bu “yükü” azaltmağın yolları vardır. Belə ki, hər bir vətəndaş ilk gənclik illərində əmək fəaliyyətinə başlayarkən özü üçün “icbari fərdi təqaüd fondu” (yaxud, “icbari fərdi sosial təminat fondu”) yarada bilər. Yaxşı olar ki, dövlət tərəfindən məxsusi olaraq bu məqsədlə “ Dövlət Təqaüd və Müavinət Bankı”(DTMB) yaradılsın. Belə olan halda, hər bir fərd, özü bu bankda istədiyi qədər (məbləğdə) vəsait toplamaqla, özünün qocalıqda yaşamı üçün tam təminat yarada bilər. Yəni, misal üçün, hər ay 100 manat köçürmə ilə il ərzində 1200 manat, 10 il ərzində 12000 m., bu qayda ilə müəyyən müddət ərzində 100000 manat məbləğində fonda sahib ola bilər. Bu halda, əmək fəaliyyətinin ilk illərindən “icbari fərdi təqaüd fondunda” toplanmış məbləğ, DTMB tərəfindən kredit kimi dövriyyəyə buraxır və dövriyyədən gələn gəlir, müstəsna hal kimi, təqaüdçünün “İcbari fərdi təqaüd fonduna” yox, dövlətin təşkil etdiyi “Müavinət fonduna” yönəldilir ki, dövlət tərəfindən müavinətlərin ödənilməsi imkanı genişlənsin. Əgər fərd, öz fondunda 100 000 manat (200, 300 min və s.) olarkən təqaüdə çıxarsa, həmin məbləğin dövriyyə gəliri onun öz hesabına keçirilir ki, toplanmış məbləğ təqaüd verilərkən qısa müddətdə “yoxa çıxmasın”.
Əgər belə olarsa, özünə “fərdi pensiya fondu” yaratmış hər bir vətəndaş bu hesaba yaşamaqla dövlətin verdiyi pensiyadan imtina edə bilər və yaxud dövlət özü belə şəxsləri “pensiyaçılar” siyahısından silə bilər.
Fərq nədir? Belə olan halda, vətəndaşların “pensiya yaşı” anlamı rəsmi olaraq ləğv edilə bilər və kim nə vaxt istəsə, “öz hesabına” pensiyaya çıxa bilər. İkinci vacib amil isə, vətəndaşların “fərdi pensiya fondlarında” toplanmış vəsait dövlət banklarına və sahibkarlara kreditə verilməklə dövriyyə kapitalının həcmini xeyli artıra bilər. Üçüncü amil isə, hər kəsin öz toplaya bildiyi “pensiya fondundan” istifadə etməsi, onun həcmi və yetərli olması mübahisə və ya müzakirə mövzusu olmamasıdır. Yəni, hər kəs “öz yorğanına görə” ayağını uzada bilər. Bu isə əsl ədalətin bərpası hesab edilə bilər. Yəni, hər kəs özü öz sosial təminatına cavabdehlik daşıyar!
Ağasəf İMRAN