ELAZ.İNFO xəbər verir ki, xarici rəsmi mənbələrə və beynəlxalq agentliklərə istinadən xəbər verir ki, Ukrayna paytaxtı Kiyev növbəti dəfə Rusiyanın ağır hava hücumuna məruz qalıb. Çərşənbə axşamına keçən gecə baş verən zərbələr nəticəsində şəhərin enerji infrastrukturu ciddi zədələnib. Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, -14°C şaxtada tam 5635 yaşayış binası istilik sistemindən məhrum olub.
Hücum təkcə istiliyi kəsməyib; şəhərin böyük bir hissəsində su təchizatı dayanıb və elektrik kəsintiləri yaranıb. Mer Kliçko bildirib ki, sübh tezdən başlayan hücum zamanı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərdən istifadə olunub. Şəhər mərkəzində ard-arda güclü partlayış səsləri eşidilib. Hücum nəticəsində bir qadın yaralanaraq xəstəxanaya yerləşdirilib, bir neçə bina, o cümlədən ibtidai məktəb binası dağılıb.
Bu, Rusiyanın Kiyevin enerji şəbəkəsinə son 10 gündə endirdiyi ikinci ən ağır zərbədir. Xatırladaq ki, yanvarın 9-da baş vermiş əvvəlki hücum şəhərin yarısını istiliksiz, minlərlə sakini isə günlərlə işıqsız qoymuşdu. Kiyev rəsmiləri bildirirlər ki, Rusiyanın enerji sistemini hədəf alması ukraynalıların müqavimət əzmini qırmaq və mənəviyyatını sarsıtmaq məqsədi daşıyır.
Hazırda bələdiyyə və enerji xidmətləri -14 dərəcə soyuqda istilik, su və elektrik enerjisini bərpa etmək üçün fövqəladə rejimdə çalışırlar. Lakin zədələrin miqyası böyük olduğundan tam bərpanın nə qədər vaxt aparacağı hələ məlum deyil. Dörd ildir davam edən işğal fonunda Kiyev sakinləri bu qışı bəlkə də tarixin ən çətin sınaqlarından biri ilə qarşılayırlar.
Ruslan MƏMMƏDOV