Kəndlərdə bağçaların və xəstəxanaların bərpası gənc ailələrin gələcəyinə zəmanətdir

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov region gənclərinin gələcəyi, kəndlərin sosial-mədəni dirçəlişi və səhiyyə sisteminin müasirləşdirilməsi ilə bağlı proqram xarakterli məqalə ilə çıxış edib. Təşkilat sədri qeyd edib ki, MCP başqanı, millət vəkili Razi Nurullayevin hər zaman diqqət çəkdiyi “regionların bərabər inkişafı” prinsipi Salyanın hər bir kəndində öz əksini tapmalıdır.

Ruslan Məmmədov kəndlərdə gənc ailələrin məskunlaşması üçün uşaq bağçalarının mühüm rolunu vurğulayıb: “Gənc ailələrin kəndlərdə qalması üçün onlara lazımi şərait yaradılmalıdır. Bu gün bir çox kəndlərimizdə uşaq bağçalarının yoxluğu gənc valideynlər üçün böyük çətinlik yaradır. Biz təklif edirik ki, hər bir böyük kənddə müasir bağçalar fəaliyyət göstərsin. Eyni zamanda, regionlarda yaşayan gənc ailələrə xüsusi sosial imtiyazların verilməsi, onların məişət qayğılarının azaldılması gənclərin kəndlərdən köçünün qarşısını alacaq ən effektiv addımdır.”

Səhiyyə islahatlarına toxunan təşkilat sədri Salyan rayonunun bu sahədə nümunəvi ərazi ola biləcəyini qeyd edib: “Böyük kəndlərdəki tibb məntəqələri tamfunksional xəstəxana modelinə keçməlidir. Bakının yükünü azaltmağın yolu Salyanın kəndlərini müasir səhiyyə ocaqları ilə təmin etməkdən keçir. Vətəndaş cərrahi əməliyyat və ya ciddi müayinə üçün paytaxta getməməlidir. Bu həm paytaxtın nəqliyyat və səhiyyə sistemini rahatladacaq, həm də yerli sakinlərə vaxtında keyfiyyətli yardım imkanı verəcək.”

Məqalədə kənd gənclərinin asudə vaxtının təşkili, klublar, mədəniyyət evləri və kitabxanaların bərpası qırmızı xətt kimi keçib: “Gənclərimizin bir çoxu məhz bu mənəvi və mədəni boşluq səbəbindən kəndləri tərk edir. Onların maariflənməsi, istirahəti və məşğulluğu bizim xüsusi diqqət çəkməli olduğumuz ən həssas nöqtədir. Kitabxanalar gənclərin biliyə çıxış yolu, klublar isə onların mənəvi inkişaf mərkəzi olmalıdır.” Ruslan Məmmədov bildirib ki, bu təkliflər MCP-nin ümumi platformasının tərkib hissəsidir və başqanın bu mövzularda mövqeyi qətidir. O, məqaləni Razi Nurullayevin bir neçə mühüm fikri ilə tamamlayıb:

“Siyasət kabinetlərdə deyil, xalqın içində, ən ucqar kəndlərin palçıqlı yollarında aparılmalıdır. Bizim vəzifəmiz vətəndaşın ayağına gedib onun dərdinə şərik olmaqdır.”

“Əgər biz regionları dirçəltməsək, gəncləri torpağa bağlamasaq, Bakını böyük bir kəndə çevirəcəyik. Milli inkişafın yolu güclü kənddən və savadlı region gəncliyindən keçir.”

Məqalənin sonunda Ruslan Məmmədov bildirib ki, dövlət proqramları çərçivəsində kənd xəstəxanalarının, uşaq bağçalarının və mədəniyyət ocaqlarının yenidən qurulması gənc mütəxəssislər üçün yeni iş yerləri deməkdir. Gənclər bizim gələcəyimizdir və biz bu gələcəyi kəndlərimizdə qorumalıyıq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights