Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub

Regionlarda aqrar sektorun inkişafı, resurslardan səmərəli istifadə və ekoloji çağırışlara uyğun strateji proqramların icrası istiqamətində növbəti mühüm tədbir reallaşdırılıb. Dövlət xətti ilə həyata keçirilən bu təşəbbüslər ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

ELAZ.İNFO xəbər verir ki, Saatlı şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Zakir Quliyev bildirib ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliklərinə daha davamlı model əsasında inkişaf etdirilməsidir. Hazırkı mərhələdə əsas hədəf su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. Çünki müasir çağırışlara əsasən, aqrar sektorun və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın