Kasıb ailələrdən olan on minlərlə gəncin inanmadığı həqiqət

ELAZ.İNFO

Azərbaycana test üsulunu gətirən və bununla kasıb ailələrdən olan on minlərlə gəncin ali məktəblərə daxil olmasına şərait yaradan Vurğun Əyyubun anım günüdür. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Testin tətbiqinin ən böyük çətinliyi cəmiyyətin onu düzgün qəbul edib-etməməsi idi. Vurğun Əyyub ən böyük təpkini müəllim yoldaşlarından görür. Qəbula qalan müəllimlər onu boykot edir, salam vermir, “sən bizim çörəyimizi kəsdin” – deyə üzünə çırpırdılar. Hətta gənc elmlər doktorlarından biri qarşısını kəsərək “Mən ona görə elmlər doktoru oldum ki, qəbula qalım, ailəmi dolandırım, sən nə etdin?”, – deyə onu tənbeh etmişdi. Çox az müəllim onu təqdir edirdi. Azərbaycanda rüşvətsiz imtahan sistemini quran Vurğun müəllimlərə “mən sizin şərəfli adınızı özünüzə qaytaracağam” deyirdi. Azərbaycan və dünya ədəbiyyatını çox yaxşı bilirdi. Saz havalarının hamısını tanıyırdı. S.Vurğun, M.Şəhriyar, B.Vahabzadə, M.Araz, R.Rövşəndən saatlarla şeir deyirdi. Şeir demək qabiliyyəti yüksək idi. Ən əsası – Vurğun Əyyub Azərbaycan siyasəninin VİCDAN simvollarından biri idi. Allah rəhmət eləsin.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights