ElAZ.İNFO Avropa Cənub Rəsədxanasının (ESO) rəsmi məlumatına istinadən xəbər verir ki, astronomlar tarixdə ikinci dəfə olaraq daxilində eyni vaxtda bir neçə planetin formalaşdığı ulduz sistemi aşkar ediblər. WISPIT 2 adı verilən bu sistem elm adamlarına Günəş sisteminin milyardlarla il əvvəlki keçmişinə “nəzər salmaq” imkanı yaradır.
Qalaktikamızın yaxınlığında, Qartal bürcündə Yerdən 433 işıq ili məsafəsində yerləşən WISPIT 2 ulduzu kosmik ölçülərə görə çox gəncdir – onun cəmi 5 milyon yaşı var. Ulduz hələ də qaz və tozdan ibarət protoplanet diski ilə əhatə olunub ki, bu da yeni dünyaların yaranması üçün ideal mühitdir.
Qaluey Universitetinin astronomu Xloya Loulor bildirir ki, sistemdə ən azı iki, ehtimal ki, üç nəhəng planet formalaşır: Yupiterdən təxminən 5 dəfə ağır olan bu planet ulduzdan 60 astronomik vahid (Yerlə Günəş arasındakı məsafədən 60 dəfə çox) uzaqlıqda yerləşir. Son müşahidələr ulduza daha yaxın olan ikinci planeti üzə çıxarıb. Onun kütləsi Yupiterdən 8-12 dəfə böyükdür və səthində temperatur 1300 dərəcədən yüksəkdir. Diskin kənarlarındakı boşluqlar orada Saturn ölçüsündə üçüncü bir planetin də yarandığına işarə edir.
İndiyə qədər elmə daxilində birdən çox planetin yarandığı yalnız bir sistem məlum idi – PDS 70. WISPIT 2-nin kəşfi alimlərə planetlərin necə miqrasiya etdiyini və Günəş sisteminin ilk mərhələlərində hansı proseslərin baş verdiyini anlamağa kömək edəcək. Müşahidələr Çilidəki Atakama səhrasında yerləşən Avropa Cənub Rəsədxanasının VLT (Very Large Telescope) teleskopu və onun GRAVITY cihazı vasitəsilə həyata keçirilib.
Ruslan MƏMMƏDOV