ELAZ.İNFO xəbər verir ki, Milli Məclisdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kəskin çıxış edərək aqrar sektordakı real vəziyyəti gündəmə gətirib. Deputat rəqəmsal transformasiyanın vacibliyini qeyd etsə də, onun sadə kəndli üçün əlçatan olmamasını tənqid edib.
Razi Nurullayev dövlət proqramlarının və hesabatların çoxluğuna baxmayaraq, Azərbaycanın bir çox ərzaq məhsullarını hələ də xaricdən almasının səbəblərini sorğulayıb. Sistemli planlaşdırma yoxdur: “Fermer hansı məhsulun lazım olduğunu deyil, keçən il bazarda nəyin baha olduğunu düşünərək əkir. Nəticədə bir il məhsul bolluğundan qiymət düşür və fermer batır, o biri il isə qıtlıq yaranır”, – deyə deputat bildirib. Deputat qeyd edib ki, 30 modul üzrə süni intellekt tətbiqi təqdirəlayiq olsa da, bu xidmətlər yalnız böyük aqroparklar üçündür: “Təqdimat zallarında hər şey rəngli və gözəl görünür, amma kənddəki sadə fermer bu texnologiyalardan ay və ulduz qədər uzaqdır”. Deputatın toxunduğu digər ciddi məsələ torpaq sahələrinin həddindən artıq xırdalanmasıdır. O, kiçik pay torpaqları ilə yüksək məhsuldarlıq əldə etməyin qeyri-mümkün olduğunu vurğulayıb: “Sovet dövründə torpaq planlı idarə olunurdu. Bu gün həmin modelin bazar iqtisadiyyatına uyğun forması – aqrar korporasiyalar və kooperativlər genişlənməlidir”.
Razi Nurullayev Kənd Təsərrüfatı Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında koordinasiyanın zəif olduğunu diqqətə çatdırıb. Torpağı olan ailələrin ünvanlı dövlət sosial yardımı ala bilməməsi böyük problem yaradır. Deputatın fikrincə, süni intellekt məhz bu sahədə – torpağın real gəlir gətirib-gətirmədiyini müəyyən etmək üçün avtomatlaşdırılmış sistem kimi tətbiq olunmalıdır.
Ruslan MƏMMƏDOV