ELAZ.İNFO xəbər verir ki, milli irsimizin nüminəvi daşıyıcılarından biri olan kələğayının cəmiyyətə düzgün təqdim edilməməsi, həmçinin düzgün təbliğ edilməməsi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldr Tomarlanın hiddətinə səbəb olub.
Güllü xanım deyir ki, “Xanımlarımızın milli baş örtüyü olan kəlağayı naxışları ilə deyil, ipək olmağı ilə, tut yarpağından qidalanan baramadan əmələ gələn saplarla toxunan, peşəkar kəlağayı ustalarının min bir əziyyətlə başa gətirdiyi tək-tək üzərində işlədiyi baş örpəyidir. Buta naxışları paltara, süfrəyə, qab-qacağa da vurula bilər. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq 4 dəfə Azərbaycanın Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən kəlağayı haqqında layihələrin qalibi olmuşuq. Təkcə layihədən layihəyə yox, ilin hər günü bu mövzuda çıxış edirik, kəlağayımızı təbliğ edirik, təqdim edirik. Həmişə də deyirik ki, Azərbaycan xanımlarının hədiyyəsi kəlağayı olsun. Əlbəttə ki, məcburi deyil, bu könül işidi, könül yolçuluğudu. Alan da sağ olsun, almayan da. Pay alan, pay verən özü bilər”.
Güllü Eldar Tomarlı bildirir ki, “bir dəfə bir satıcıdan soruşuram ki, bu örpək neçəyədir?
-Kəlağayını deyirsiz? 10 manat.
-Deyirəm, ay başına dönüm, mən örpək deyirəm, siz kəlağayı deyirsiniz? Axı, bu kəlağayı deyil. Mənə sübut etmək istəyir ki, naxışlarına bax, butadı, xarıbbülbüldü, yelənlidi.
-Deyirəm: – Ay anam, bacım, satın, Allah bazar versin. Amma, saxtakarlığa yol verməyin. Çinin istehsal etdiyi sintetik bu yaylıqları elə kəlağayı adı ilə satmaq, hətta hədiyyə vermək günahdı, kəlağayı ustalarına, elə müqəddəs baş örpəyimiz olan kəlağayıya hörmətsizlikdir. Oyun qurmaqdır, evcik-evcik oynamaq kimi bir oyundur. Bazardan alma alırsan, satan üzünə durur ki, korsan armuddu”.
Güllü xanım fikrinə davam edərək söyləyir ki, “keçirdiyim tədbirlərdə bir də görürsən ki, həmən 10 manatlıq kəlağayı dedikləri yaylığı çantalarında gətirirlər ki, deməzsənmi şəhid anasına hədiyyə verəcəm. Deyirəm, əgər kəlağayının özüdürsə nə olar, buyurun, təqdim edin, kəlağayı adı ilə mənim meydanımda təqdim edə bilməzsən. Bura alıb aldatmaq yeridir ki, sonra da deyəsən ki, filan tədbirdə şəhid anasına kəlağayı verdim. Bəli, nadir hallarda, gücüm çatan yerdə mən də verirəm, təqdim edirəm. Amma, kəlağayının özünü.

Nə isə…Mənim əzizlərim, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, milliliyimizi, milli dəyərlərimizi düzgün təbliğ edək. Xətai rayonunda ilk rəsmi, dövlət səviyyəsində keçirdiyimiz “Kəlağayı Festivalı” nda orijinal kəlağayılar təqdim olundu və satışı oldu. Çox qürurverici idi ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid analarına gözəl, əsl kəlağayıları satış sərgisindən aldı və hədiyyə etdi”.
Güllü Eldar Tomarlı sözünün sonunda qətiyyətlə dedi ki, “ümumiyyətlə, əziz bayramlarda dövlətimiz tərəfindən şəhid analarına, bütün Azərbaycan qadınlarına kəlağayı adı hədiyyə olunanlar əsl kəlağayıdı. Buna görə də dövlətimizə təşəkkür edirəm. Bu yolda da bizim doğru düzgün təbliğatımızı hər zaman dəstəkləyən dövlətimiz var olsun. Hər iş halallıqla gözəldi”.
İlahə BAYINDIR