Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınmışdır.
Yaponların “Nisiyama Onsen Keyunkan” hoteli 705-ci ildə Yamanasi prefekturasında təsis olunub və bu günə kimi fəaliyyət göstərir. Bu hotel dünyanın ən qocaman müəssisəsi hesab olunur.
37 otaqdan ibarət olan bu hotel zamanın dəyişikliklərinə adaptasiya olunub. Və bu gün Wi-Fi internet rabitəsi təklif edir. Lakin müvəffəqiyyətin açarı 1315 il bundan əvvəlki kimidir; hotel yerləşdiyi dağlıq bölgənin isti bulaqlarından vannalar təklif edir. Bu isti bulaqlar müalicəvi əhəmiyyəti ilə çox məşhurdur. Hotelin indiki sahibləri tərəddüd etmədən çox mühüm və aydın suala özlərinə məxsus tərzdə elə sualla da, qürurlanaraq cavab verirlər: “Yeniliklərə və modernizasiyaya baxmayaraq, “Nisiyama Onsen Keyunkan”ı Wi-Fi internet rabitəsi hoteli özəl edir, yoxsa vulkanik isti bulaqlar?”
Ənənə öyrənilməlidir. Kəlbəcərimiz işğaldan azad olunub. Zaman bizə işləyir. Əminik ki, “İstisu” sanatoriyası 1000 illər boyu fəaliyyət göstərəcək və turistləri bu gözəl diyara cəlb edəcək.
Etibar ƏLİYEV