itkin düşmüş iki yeniyetmədən 5 gündür xəbər yoxdur

itkin düşmüş iki yeniyetmədən 5 gündür xəbər yoxdur

Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərində iyulun 1-də yoxa çıxan 12 yaşlı Amina Nazın və 13 yaşlı Aylana Şombunun tapılması üçün bütün respublika səfərbər olub. Günlərdir davam edən genişmiqyaslı əməliyyatlara baxmayaraq, hələlik uşaqların izini tapmaq mümkün olmayıb.

ELAZ.İNFO xəbər verir ki, sinif yoldaşı olan azyaşlılar iyulun 1-də axşam saatlarında gəzintiyə çıxıblar və bir daha geri qayıtmayıblar. Şəhərdəki videomüşahidə kameralarının qeydlərini araşdıran mütəxəssislər qızların sonuncu dəfə Yenisey çayının sahili və bənd istiqamətinə tərəf getdiklərini müəyyən ediblər. Həmin gün bölgədə 35 dərəcəyə yaxın bürkü xarakterli isti hava şəraitinin hökm sürməsi səbəbindən uşaqların sərinləmək üçün suya tərəf yönəldiyi ehtimal edilir. Axtarışların ilk mərhələsində çay kənarında qızların mobil telefonları, daha sonra isə suyun içərisində ayaqqabıları aşkar edilib. Tapılan əşyalar genetik və texniki ekspertizaya göndərilib.

Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb və hazırda üç əsas versiyanı — suda boğulma, uşaqlara qarşı cinayət törədilməsi və ya intihar ehtimalını araşdırır. Hüquq-mühafizə orqanları rəsmilərinin sözlərinə görə, qızlardan biri ümumiyyətlə üzə bilməyib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Yenisey çayının olduqca təhlükəli və amansız bir axına malik olduğunu, dno relyefinin kəskin dəyişdiyini və güclü burulğanların mövcudluğunu bildiriblər. Suyun altında görmə qabiliyyətinin cəmi 1 metr olması dalğıcların işini çətinləşdirir. Bu səbəbdən axtarış zonası çayın axarı boyu Sayano-Şuşinsk su anbarına qədər olan 400 kilometrlik böyük bir əraziyə genişləndirilib, artıq 265 kilometrdən çox sahil zolağı və 60-dan çox ada yoxlanılıb.

Respublika rəhbəri Vladislav Xovalıq və daxili işlər naziri Yuri Zavyalovun rəhbərliyi ilə fəaliyyət göstərən operativ qərargaha hər gün yüzlərlə könüllü axın edir. Son günlər axtarışlara 700-dən çox könüllü, o cümlədən uzaq mənzilli dronlarla ərazini yoxlayan xüsusi mütəxəssislər, xilasedicilər, kinoloqlar və qayıq sahibləri qoşulub. Qoşulmayanlar isə könüllüləri isti yemək, su və yanacaqla təmin edirlər. Yaxın günlərdə qonşu Xakasiya və Krasnoyarsk vilayətlərindən də könüllü dəstələrin gələcəyi gözlənilir.

Həmçinin bildirilir ki, bəzi sosial şəbəkə istifadəçilərinin və şamanların guya qızların bir evdə girov saxlanılması barədə yaydığı yalan məlumatlar yerli əhali arasında iğtişaşa səbəb olub və günahsız bir çoxuşaqlı ailənin evi daşqalaq edilib. Nazir Yuri Zavyalov vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıb və qeyd edib ki, həmin asayişi pozan şəxslərə qarşı artıq xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Axtarışlar fasiləsiz olaraq davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın