ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Zveniqorod şəhərində bir sutka əvvəl itkin düşmüş üç uşağın axtarışları genişmiqyaslı xilasetmə əməliyyatına çevrilib. “LizaAlert” axtarış dəstəsindən verilən məlumata görə, əməliyyatlara artıq 500-ə yaxın könüllü cəlb olunub.
Uşaqların tapılması üçün misilsiz güc səfərbər edilib: 500-ə yaxın insan axtarışlarda iştirak edir, şəhər boyu 1000-dən çox elan yapışdırılıb. 97 piyada qrupu (“tülkülər”) 358 km ərazini qət edib, pilotsuz uçuş aparatları (PUA) isə 110 km-lik sahəni havadan müayinə edib. Əməliyyatlara helikopterlər, kinoloqlar və “Angel” dəstəsinin dronları qoşulub. Hazırda Moskva çayının akvatoriyası ciddi nəzarətə götürülüb.
Hadisə Zveniqorodun “Vostoçnıy” mikrorayonunda baş verib. 13 yaşlı qız və iki 12 yaşlı oğlan gəzintiyə çıxıb və bir daha geri qayıtmayıblar. Onları sonuncu dəfə Moskva çayı yaxınlığında görüblər. Məhz həmin ərazidə uşaqlardan birinə məxsus papaq və izlər aşkar edilib. Çayın güclü axını axtarış işlərini ciddi şəkildə çətinləşdirir. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsi tərəfindən iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddəsi ilə cinayət işi açılıb. Hadisənin gedişatı barədə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə mütəmadi məlumat verilir.
Ruslan MƏMMƏDOV