Meşə yanğınları tüğyan edir
ELAZ.İNFO xəbər verir ki, həddindən artıq isti və quraqlıqdan əziyyət çəkən Avropa alovlanmaqdadır. İspaniyada yanğınsöndürmə işləri neçə gündür ki, davam edir.
Paytaxt Madrid yaxınlığındakı Tres Kantos meşələrində baş verən yanğın şəhərə yaxınlaşıb. Saatda 70 kilometri keçən güclü külək və 40 dərəcə Selsi (100 dərəcə Fahrenheit) temperaturu yanğınla mübarizəni çətinləşdirir.
Bəzi yanğınsöndürənlər xəsarət alıb, mindən çox insan təxliyə edilib.
Sevilya bölgəsi üçün qırmızı təhlükə elan edilib, Pireney yarımadasında temperaturun 102 dərəcə Fahrenheit (42 dərəcə Selsi) səviyyəsinə çatacağı gözlənilir.
Portuqaliya
İspaniyanın qonşu ölkəsi Portuqaliyada 10 yerdə yanan yanğınlarla 2000-dən çox yanğınsöndürən mübarizə aparır.
Həftə sonu 4 yanğın törətdiyi təsbit edilən 50 yaşlı kişi saxlanılıb.
İtaliya
İtaliyanın Neapol şəhəri yaxınlığında baş verən yanğınla bağlı yanğının söndürülməsi davam edir.
Vezuvi dağı ətrafında evakuasiya əmri verilib. Yanğınsöndürmə işinə təyyarələr və helikopterlər də dəstək verir.
Qeyd edək ki, Xorvatiya, Monteneqro və Albaniyada davam edən yanğınlara yüzlərlə yanğınsöndürən müdaxilə edir. Son 24 saat ərzində Albaniyada 40 yerdə yanğınlar baş verib.
Hərbçilərin cəlb olunduğu yanğınsöndürmə əməliyyatında 30-a yaxın meşə yanğınının söndürüldüyü açıqlanıb.
Hal-hazırda Kosovo, Şimali Makedoniya və Yunanıstanda çoxsaylı yerlərdə yanğının söndürülməsi davam edir.
Gülzar İSAYEVA