Hazırda Suriyada İran məsələsini çözməyə çalışırlar. Bunu aydınlaşdırmaq üçün Əs-Suveyda hadisələrini təhlil edək.
Əsəd rejimi devrilən kimi İsrail şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Suriyanın cənub əraziləri Əl-Kuneytra və Dara muhafazalarını işğal etdi, Dəməşqə top atəşi məsafəsi qədər yaxınlaşdı.
Məlumat üçün bildirək ki, işğal ərazilərində əsasən druzlar yaşayırlar. Druzlar milliyyətcə ərəb, inanca görə şiəliyin ismailiyyə qolundan yaranmış xüsusi bir konfessiyadırlar. Kompakt şəkildə Suriya (865 min), Livan (280 min), İsrail (118 min) və İordaniyada (20 min) yaşayırlar. İşğal ərazilərində İsrail özünü druzların müdafiəçisi kimi təqdim etməyə başladı, orda özünümüdafiə qüvvələri yaratdı, onlara yüngül silahlar payladı, ərzaq yardımları etdi və s.
Lakin, görünür, bu İsrailin gözlədiyi effekti vermədi. Druzlar arasında suriyalı kimliyi tam itməmişdi. Druzların çoxu hələ də demokratik və vahid Suriyanın bərpa olunacağına inanır, İsraili işğalçı hesab edirdilər. Bu haqda bəzi druz liderlərinin mətbuata sızan bəyanatları da oldu. Yəqin ki, elə bu səbəbdən İsrail druzların yaşadığı daha böyük muhafazanı – Əs-Suveydanı işğal etmədi. İsrailə druzların onlara qarşı tam loyallığı lazımdır. Əhalisi loyal olmayan ərazilərdən qoşunu irəli aparmaq mühasirəyə düşmək kimidir. Deməli, elə etmək lazımdır ki, hakimiyyət tərəfdarları druz soyqırımı törətsinlər.
Əlbəttə, HTŞ başkəsənləri druz soyqırımına həmişə hazır idilər, amma İsrail özünü druzların hamisi elan etdiyinə görə qorxurdular, həm də Əhməd Əş-Şaraa buna izn vermirdi.
12 iyulda Bakıda İsrail-Suriya danışıqları oldu. Mətbuata yalnız bu məlum oldu ki, danışıqlar zamanı Suriya İsrail işğalını tanımadı (hansı – 1967-ci, yoxsa 2025-ci il işğal əraziləri?). Lakin indi Qərb mətbuatında belə fikirlər dolaşır ki, danışıqlar zamanı bir məsələ də müzakirə olunub. Suriya Əs-Suveydada (diqqət: İsrailin işğal etmədiyi muhafazada) mərkəzi hakimiyyəti bərpa etmək üçün tədbir görmək istədiyini bildirib və İsrail buna etiraz etməyib.
14 iyulda Əs-Suveydaya hücum başladı. Hücuma əvvəl guya bədəvi ərəblər başladılar – bu vaxta qədər Suriya hərbi səhnəsində “bədəvi ərəb” anlayışı yox idi, hücumu hakimiyyətin adına yazmamaq üçün bu anlayış qondarıldı. Yayılan videolardan görünürdü ki, “bədəvi ərəblər” elə isidçilər və ya onların törəmələridir. Druz soyqırımı başladı, amma ələvilərdən fərqli olaraq druzlar silahlanmışdılar və müqavimət göstərə bilirdilər.
Sual oluna bilər ki, niyə bu vaxtadək “bədəvi ərəblər” druzlara hücum etmirdilər? Çünki həmin günədək Əş-Şaraa hökuməti onlara icazə vermirdi, onlar da İsrailin qorxusundan Əs-Suveydaya girə bilmirdilər. İndi onlara cəzasız qalacaqları bildirilən kimi ruhlanıb, böyük həvəslə hücuma keçdilər. Axı bu döyüşdə onlar çoxlu qənimət, o cümlədən qadınlar ələ keçirəcəklərinə ümid edirdilər.
Qırğınlar başlayandan sonra Suriya hökumətinin təhlükəsizlik qüvvələri Əs-Suveydaya gəlməyə başladı, guya bunlar artıq baş verən qırğınları dayandırmaq üçün gəlirdilər. Əslində isə hökumət təhlükəsizlik qüvvələri də, “bədəvi ərəblər” eyni ideologiya daşıyıcıları idi.
İsrail əvvəl qırğınların baş verməsinə imkan verdi, yalnız sözlə etirazını bildirdi, sonra bəzi maşınlara simvolik raket zərbəsi endirdi. Çünki İsrailə bu qırğınlar lazım idi. Vəziyyət o həddə çatmalı idi ki, druzlar İsrailin onları müdafiə etməsini xahiş etməli, Suriya hökuməti ilə birdəfəlik üzülüşməli və İsrailin himayəsinə sığınmalı idilər. Bu da baş verdi. İndi artıq Suriya druzların kompakt yaşadığı Əl-Kuneytra, Dara və Əs-Suveyda muhafazalarını birdəfəlik itirib.
Bakı danışıqlarında İsrailin Suriyaya icazə verməsi isə analoji köhnə hadisəni xatırladır…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi