İsrail bütün üstünlüklərindən istifadə edib və edir:
İran içərisindəki agentura şəbəkəsindən çox ustalıqla istifadə etdi və edir. Allah bilir, hələ nə qədər də “yatmış” agenturası var və nə vaxt istifadə edəcək.
Aviasiya İranın bütün strateji obyektlərinə zərbələr endirir.
Hansı obyektə zərbə endirirsə, onun əvvəlki və sonrakı peyk görüntülərini KİV-də yayır. Bu isə həm ordu komandanlığına hədəfin vurulub-vurulmadığı barədə məlumat verir (təkrar zərbə lazımdır, ya yox), həm də İran əhalisinə psixoloji təzyiq vasitəsi olur.
Təbliğat maşını (müharibənin informasiya müşayiəti) yaxşı qurulduğundan dipfeyk vasitəsilə yalan məlumatlar (foto və video “sübutlar”) da paylaşır və Qərb KİV-i bu müharibənin tərəfi olduğundan yoxlamadan onları tirajlayırlar.
ABŞ və Aİ-nin əsas ölkələri İrana açıq siyasi təzyiq göstərir və təhdid edirlər.
İran hələlik bir üstünlüyündən istifadə edib:
İsrailə ciddi zərər vura biləcək orta mənzilli raketlərdən istifadə edib və sübut edib ki, onlar İsrailin HHM sistemlərindən keçə bilərlər. Lakin İranın kosmik müşahidə sistemləri yox səviyyəsində olduğundan raketlərin hansı hədəfləri vurduğunu və ya vurmadığını sübut edəcək dəlilləri yoxdur. İsraildə oturuşmuş hərbi senzura var – strateji obyektlərin görüntülərini çəkmək və yaymaq olmaz, buna görə cinayət maddəsi var (Ukraynada da eynidir). Bütün sosial şəbəkələr ciddi nəzarət altındadır. Lakin mülki obyektlərə dəyən raket zərbələrindən görüntülər paylaşıla bilər. İran məhz İsrail tərəfinin çəkdiyi və yayımladığı görüntüləri paylaşa bilir. Nəticədə biz İsraildə dağılmış strateji obyektlər barədə vizual materiallar görmürük, lakin şəhər dağıntıları, yanğınlarını çox görürük. Bu da İsrail təbliğatına işləyir. Belə çıxır ki, İran yalnız mülki şəxsləri, İsrail isə yalnız hərbi obyektləri vurur. Hərçənd İranda ölən mülki şəxslər İsraildən 4-5 dəfə çoxdur. Bir sözlə, İran bu üstünlüyündən ciddi “divident” qazanmayıb.
İranın digər üstünlükləri – hərbi sənayesinin suverenliyi, iqtisadiyyatın təchizat zəncirinin tam özündə olması, Çinin və Rusiyanın gizli dəstəyi, Hörmüz boğazına nəzarət etməsi – uzun müddətli müharibədə üzə çıxa bilər.
İsrail İranın bütün zəif cəhətlərindən istifadə edir, onu öz üstünlüyünə çevirir:
İran əhalisinə hesablanmış fars dilində təbliğat aparır; əhalini molla rejiminə qarşı üsyana qalxmağa çağırır; ölkə daxilindəki və xaricindəki müxalifəti qızışdırır və maliyyələşdirir; etnik separatizmə çağırışlar edir, İran daxilindəki qərbpərəstlərə demokratiya vəd edir və s.
İranın kəşfiyyat və əks-kəşfiyyat xidmətlrinin “dişsizliyindən” geninə-boluna istifadə edir. İsrail kəşfiyyatı İranda “meydan sulayır”, İsraildə isə İran kəşfiyyatının izi-sorağı yoxdur.
İranın HHM və raket buraxma qurğuları məhdud saydadır. İsrail ilk növbədə məhz onları aşkar edir və sıradan çıxarır. Raketin nə qədər çox olsa da, onu buraxma qurğun yoxdursa, raketlər anbarda partlayacaq potensial bombaya çevrilirlər. HHM sistemin yoxdursa, həmin anbarları partlada biləcək, təyyarələr ölkənə rahatlıqla daxil olacaqlar.
İran İsrailin zəif cəhətlərindən istifadə etməyib və ya edə bilməyib:
İsrailin ən zəif cəhəti iqtisadiyyatının xaricdən yüksək asılılığıdır. İran İsrailin dəniz limanlarını sıradan çıxartsa, İsrailin bütün iqtisadiyyatı iflic ola bilər. Düzdür, hərbi və digər yüklər hava və quru yolları ilə (Livan, Suriya, İordaniya və ya Səudiyyə vasitəsilə – hamısı imkan verəcək) da gətirilə bilər. Həmin ölkələrdən, mən biləni, İsrailə dəmir yolu yoxdur. Bunsuz isə hərbi texnika daşımaq çox çətindir. Əlbəttə, mümkünsüz deyil (avtomobil yolları var), amma bu həm logistikanı çox bahalaşdırır, həm də vaxtı çox artırır. Bundan başqa bu zaman hərbi yüklər diversiyalara da məruz qala bilərlər. Belə logistika ilə uzunmüddətli müharibə aparmaq mümkün deyil.
Digər zəif cəhəti İsrail aviasiyası idi. Lakin İsrail bu məsələdə özünü sığortalayıb. Mətbuatın məlumatına görə İsrail İrana hücum etməzdən əvvəl mülki aviasiyasını Türkiyəyə, hərbi aviasiyasını Kiprə yerləşdirib. Yəni İranı bombalayan təyyarələr İsraildən yox, Kiprdən qalxırlar. İran isə bu ölkələrə zərbə endirə bilməz.
Nəhayət, əsas zəif cəhəti Neqev səhrasnda olan Dimon nüvə mərkəzidir. İranın həmin mərkəzi partlatmaq gücündə olan raketi var, lakin İran bu addımı bütün vasitələri tükəndikdən sonra ata bilər.
Tərəflərin vəziyyətini anlamaq üçün daha nələri əlavə etmək olar?
İsrail qısamüddətli müharibəyə hazırlaşmışdı. O İranla uzunmüddətli müharibə aparmaq qüdrətində deyil, heç müttəfiqləri də belə müharibənin ağırlığını götürmək iqtidarında deyillər. İsrail bu müharibəni 2 həftəyə bitirəcəyini bəyan etmişdi. Yəqin ki, plana görə, 13-14 iyunda İranın müdafiə sistemi tam sıradan çıxarılmalı, hərbi qüvvələri başsız qalmalı, növbəti 7-10 gün ərzində isə bütün hərbi infrastrukturu bombalanmalı idi. Bu müddət ərzində isə ya İranın siyasi rəhbərliyi İsrail agenturası tərəfindən, ya da guya etirazçı xalq tərəfindən öldürülməli idi (Qəzzafi kimi). Bundan sonra ya İrana yeni təslimçi hökumət gətirilməli, ya da İranda vətəndaş (və ya millətlərarası) müharibəsi başlanılmalı idi.
İran ilk ağır zərbədən Qərbin gözləmədiyi qədər tez və ləyaqətlə çıxdı. Elə 13 iyun gecəyə yaxın İsrailə dron dəstəsi göndərdi, bir neçə saat sonra isə raket zərbələri endirə bildi. Növbəti günlər İranın raket və HHM qoşunları tədricən öz nizamını qismən bərpa edə bildi. Qərb bunu gözləmirdi. Bu o demək idi ki, müharibə uzanacaq…
Ehtimal edirəm ki, Netanyahu məsələni uzağı 2 həftəyə həll edəcəyi vədi ilə əməliyyata başlamağa Trampın razılığını almışdı. Çünki bundan artıq müddət Tramp üçün ağır fəsadlara səbəb ola bilər:
Onsuz da iqtisadiyyatı ağır vəziyyətdə olan ABŞ İsrailin artan xərclərini qarşılamaq istəməz, çünki bu elektoratın narazılığına səbəb olacaq;
ABŞ-ın uzun müddət müharibə aparmaq üçün sursatı yoxdur – sursat çatışmazlığı səbəbindən ABŞ hətta Ukrayna üçün ayrılmış 20 min HHM (antidron) raketini İsrailə, Ukraynaya verdiyi HHM sistemlərinin bir çoxunu oradan çıxararaq, bazalarını qorumaq üçün Yaxın Şərq ölkələrinə göndərmişdi.
Son rəy sorğularına əsasən ABŞ tarixində ilk dəfədir ki, əhali, xüsusən də gənclər arasında İsrailin əleyhdarları tərəfdarlarından çoxdur. Bu isə ABŞ hakimiyyətinin uzun müddət İsraili müdafiə etməsinə ciddi maneədir. 2026-cı il Konqresə aralıq seçkiləri qabağı trampçılar əhalinin rəğbətini qazana biləcək addımlar atmalıdırlar. Tramp isə Konqres seçkilərində uduzsa, nəinki impiçmentlə, hətta həbslə üzləşə bilər. Seçkiləri udmaq onun üçün İsrailə dəstəkdən vacibdir.
Bəs İran nə ilə özünü təsdiq edə bildi?
Siyasi hakimiyyətin böhrandan çıxmaq bacarığı ilə;
Hakimiyyətin dirəniş gətirmək iradəsi və qətiyyəti ilə (vuracam deyirsə – vurur);
Əhalinin siyasi hakimiyyətə etimad göstərməsi ilə (Qərb elə bilirdi ki, İran hakimiyyəti zəifləyən kimi əhali etirazlara qalxacaq);
İran raketlərinin effektivliyinin 1-ci amili – Qərbin ən müasir HHM sistemlərini keçə bilməsi ilə;
İran raketlərinin effektivliyinin 2-ci amili – dəqiqliyi barədə hələ konkret bir söz demək olmaz.
Bu müharibədə İran dronları effektsiz oldu. Əslində onların effektli olacağını heç kim gözləmirdi. Onları buraxmaqda məqsəd İsrailə zərbə vurmaq deyil, aşağıdakılardır:
ucuz dronlar hesabına düşmənin bahalı raketlərini, təyyarə resurslarını tükətmək;
düşmənin müdafiə sisteminin necə və harada qurulduğunu öyrənmək (həmin yerlər sonra raketlər üçün hədəf ola bilər – Rusiya Ukraynada belə edir);
HHM-lər üçün hədəf çoxluğu yaratmaqla onları əsl hədəfdən yayındırmaq (məsələn, Rusiya yalançı və əsl dronlar buraxır – yalançı dronlar həddən ucuz olur deyə onları daha çox hazırlamaq olur, bu da düşmən HHM sistemlərini tükədir) və s.
İsrailin (müttəfiqlərinin) kosmik izləmə imkanı olduğundan İrandan raket buraxılan kimi onlar buraxılış qurğularının koordinatlarını qeydə alır və dərhal təyyarələrə ötürürlər. Qurğu yerini gec dəyişərsə, onu təyyarədən raket zərbəsi ilə sıradan çıxarırlar. Bu İran üçün kritik məsələdir. O bu qurğuları gizlətmək, tez yerini dəyişmək və ya qorumaq üsullarını tapmalıdır. Bunun üçün Rusiya təcrübəsini öyrənməlidir. Ukrayna müharibəsində hər iki tərəf üçün belə qurğular atəşdən sonra 3 dəqiqə müddətində yerini dəyişməldirlər. Müasir müharibədə stasionar və ya ləng qurğu olmamalıdır.
İsrailin üstünlüyü təyyarələrindədirsə, İranınkı – orta mənzilli raketlərdədir. Raketlər bunkerlərdə etibarlı qorunur, onların təyyarə zərbəsi ilə partladılma ehtimalı yox dərəcəsindədir. Lakin İranın raket üstünlüyünü sıfıra endirməyin iki yolu var:
-Raket buraxma sistemlərinin sıradan çıxarılması;
-Raketlərin qeyri-effektiv istifadəsi sayəsində onların tükənməsi.
Ardı qalsın sonraya…
Asif ŞƏFƏQQƏTOV