İsrail-İran müharibəsinin davamını proqnozlaşdırarkən bir məsələni də nəzərə almalıyıq.
12 günlük müharibdə İsrail özünün və Qərbin ən müasir hərbi texnika və taktikalarından istifadə etdi. Növbəti müharibədə o daha mükəmməl texnika istifadə edə bilməyəcək. ABŞ-ın F-35-dən mükəmməl təyyarəsi, THAAD-dan məkəmməl HHM sistemi yoxdur. Deməli, İsrail növbəti müharibəyə ən yaxşı halda 13 iyun səviyyəsində başlaya bilər.
İranın isə hərbi texnika və taktikalarını təkmilləşdirmək üçün böyük imkanları var. İran bu işlərlə fəal şəkildə məşğul olur – 40 ədəd J-10C, 2 divizion (24 ədəd) Su-35 təyyarələrinin, S-400 HHM sistemlərinin, “Bastion” gəmi əleyhinə sahil raket kompleklərinin (“Oniks” raketləri ilə) və s. alınması üzrə danışıqların getdiyi barədə məlumatlar mətbuata sızıb.
Sual: İsrail ən yaxşı hərbi hazırlıq səviyyəsində olduğu bir zamanda İrana qalib gələ bilmədi və böyük ziyan gördüsə, hərbi cəhətdən daha yaxşı hazırlaşmış İrana qarşı növbəti müharibəyə başlayarmı?
Məncə, yox.
İran BAEA ilə əməkdaşlıqdan imtina edib, öz nüvə obyektlərində BAEA-nin bütün kameralarını söndürüb. Rusiya İranın BAEA ilə əməkdaşlığı dayandırmasını anlayışla qarşıladığını bildirib. Qərb İranın 60% zənginləşdirilmiş uran ehtiyatını məhv etdiyinə əmin deyil, ümumiyyətlə isə, Çin-İran-Rusiya üçbucağının hərbi əməkdaşlığının daha da güclənəcəyindən qorxur.
Deməli, Qərb (İsrail) İranın indiki status-kvosu ilə baraışa bilməz.
Növbəti müharibə Qərb (İsrail) üçün arzuolunan deyilsə, İrana qarşı bir vasitə qalır: onu içərisindən dağıtmaq. Əslində, İranla 1-ci müharibədə də bu nəzərdə tutulmuşdu. Onlar müharibənin uzanacağını gözləmirdilər. 12 iyun terrorunun İranda xaos yaradacağına ümid edir və xaos zamanı İrandakı agentura şəbəkələri vasitəsilə müxtəlif strateji obyektləri sıradan çıxaracaqlarını və hakimiyyəti dəyişə biləcəklərini düşünürdülər.
Məntiqlə, indi Qərb İranda ya Maydan hazırlamalı, ya da etnik separatizmi gücləndirməlidir. 12 günlük müharibə göstərdi ki, Maydan ehtimalı azdır (hərçənd onun ehtimalı 0% də deyil). Etnik separatizm 3 millət tərəfindən yaradıla bilər: azərbaycanlılar, bəluclar və kürdlər. Azərbaycanlılardan istifadə etmək çətin olacaq, çünki hakimiyyətdə azərbaycanlılar çoxluq təşkil edirlər. Deməli, bəluc və kürd separatizmi gücləndirilə bilər.
Bəlucların bir hissəsi İran sərhədinin o tayında – Pakistanda yaşayırlar. Bəluc separatizmi Pakistanda da var. Nə Pakistan, nə də İran bəluc icmasını tam nəzarətdə saxlaya bilmir. Bu bölgələrdə Qərb kəşfiyyat xidmətlərinin yaratdığı İŞİD-in müxtəlif təşkilatları fəaliyyət göstərir.
İranın şimal-qərbində yaşayan kürdlər İraqın Kürd muxtariyyəti ilə həmsərhəddirlər. İranda silahlı kürd separatçıları tam ləğv edilməyib. İraq Kürdüstanı ilə sərhədlərinin etibarlı qorunmasına da şübhə edirəm. Kürd muxtariyyəti ABŞ-ın böyük təsiri altındadır. Onlar İrana qarşı müharibəyə başlamaq istəsələr (məsələn, İranda kürdlərin sıxışdırılması bəhanəsi ilə), İraq hökuməti bunun qarşısını ala bilməyəcək.
Bəluclar və ya kürdlərlə silahlı mübarizənin başlanması İran daxilindəki “yatmış” agentura şəbəkəsinin fəallaşması üçün siqnal ola bilər… Sonrası artıq xüsusi xidmətlərin səriştəsindən və əhalinin hakimiyyətə münasibətindən asılı olacaq.
Buna görə də düşünürəm ki, hazırda İran təhlükəsizlik xidmətləri bütün mümkün destruktiv ssenariləri nəzərdən keçirməli və önləyici tədbirlər görməlidirlər.
Asif ŞƏFƏQQƏTOV